Amerikalının "Şimali Sudan" krallığı [Video]

Your browser doesn’t support HTML5

Virciniya ştatında yaşayan Ceremaya Hiton Misir və Sudan arasında heç bir dövlətə məxsus olmayan ərazi taparaq, oraya Şimali Sudan Krallığı adı verib və öz bayrağını asıb. O, kiçik qızı Emilinin artıq şahzadə olduğunu iddia edir.

Bura kral qəsri deyil, Virciniya ştatının uşaq meydançasıdır, amma Emili Hiton şahzadədir. Bu şərəfi balaca Emiliyə bu yaxınlarda heç bir dövlətə məxsus olmayan ərazilərdən birini özünə götürən atası Ceremaya verib. “Uşağa demək olmaz ki, filan arzuya heç vaxt çata bilməzsən. 6 yaşlı uşaq olaraq onun arzusu şahzadə olmaq idi. Mən də dedim ki, ola bilər.

Bir müddət apardığı axtarışlardan sonra Hiton Misirlə Sudan arasında Bir-Tavil adlı ərazinin heç bir ölkəyə aid olmadığını aşkar etdi. Bu ilin əvvəlində isə o, həmin əraziyə gedərək, uşaqları ilə birlikdə hazırladığı bayrağı oraya sancdı.

“Beş-altı il bundan əvvəl Rusiyanın sualtı gəmisi Şimal Qütbündə bayrağını dənizin dibinə yerləşdirdi ki, oradakı enerji resursları ona məxsus olsun. Yəni bayraq yerləşdirmək bunun qaydasıdır.”

Belə görünür Ceremaya Hiton “Şimali Sudan” adlandırdığı krallıq məsələsində ciddidir. O, krallığın səfirliyi kimi Vaşinqton şəhərində ofis kiraləyib və yaxın zamanda Misir və Sudan mnümayəndələri ilə danışıqlara başlayacağını deyir.

Emili də çox sevinir. “Afrikada ərzaq çatışmadığı üçün biz oradakı uşaqlara yardım edəcəyik. Biz orada böyük bağ salacağıq,” - deyə Emili bildirir.

Emilinin krallıq iddialarına baxmayaraq, beynəlxalq ekspertlər və siyasətçilər yeni millətin həmin yerlərdə yaşaya bilməsinə nikbin yanaşmırlar.

Corc Vaşinqton Universitetinin hüquq professoru Edvard Sveyn: “Əslində o, həmin ərazinin heç bir dövlətə məxsus olmadığını düz deyir. Lakin bir bayraq asıb, selfi çəkdirməklə iş bitmir. Ərazinin tutulması əsas şərtdir.”

Riçmond Universitetindən Şila Karapiço Yaxın Şərq üzrə siyasətçidir və Misiri də yaxından öyrənib. “Digər dövlətlər və BMT həmin ərazini dövlət kimi tanımasalar, bu dövlətin mövcudluğu mümkün deyil. O, Afrika Birliyi ölkələıri ilə əlaqələr quracağını deyir, lakin mən düşünmürəm ki, hansısa Afrika dövləti Vircinya ştatından gəlib ərazinin ona məxsus olduğunu deyən biri ilə müzakirələrə girsin.”

Sudan siyasəti və tarixi ilə məşğul olan Maqdi Gizuli Skype vasitəsi ilə söhbətində bunları deyir. “O, həmin əraziyə daxil olanda, dövlət onun ardınca gələrək, ona vergi tətbiq etməyə yazud oradan qovmağa çalışacaq və ərazidə nəzarət quracaq.”

Balaca şahzadə Emili mühacirətdə hökmranlıq edirkən, atası dövlət qurmaqla məşğuldur.