Beynəlxalq Böhran Qrupu: Əfqanıstan 2014-cü ildə keçid prosesinə hələ tam hazır deyil

Təşkilat ölkədə şəffaf seçki keçirilmədiyi halda Kabil hökumətinin süquta uğraya biləcəyini bildirir
Beynəlxalq Böhran Qrupu Əfqanıstan hökumətinin 2014-cü ildə ABŞ və NATO qüvvələrinin ölkəni tərk etməsindən sonra təhlükəsizliyə görə nəzarəti öz üzərinə almağa hazır olmadığını bildirib.

Təşkilat bildirir ki, ölkədə seçkilərin növbəti raundu da saxtalaşdırılsa Kabil hökuməti süquta uğraya bilər. 2009 və 2010-cu illərdə Əfqanıstanda prezident və parlament seçkilərində səsvermə qarışıq bir şəraitdə keçmişdir.

Beynəlxalq Böhran Qrupunun bu gün açıqladığı hesabatda Əfqanıstanda hazırkı şəraitdə şəffaf seçkilərin keçirilməsi və hakimiyyətin problemsiz təhvil verilməsi perspektivlərin sönük göründüyünü bildirir. Qrup eyni zamanda, 2014-cü ildə xarici silahlı qüvvələrin ölkədən çıxarılması yaxınlaşdıqca Əfqanıstanda siyasi birlik və xarici investisiya səviyyəsinin də azalacağını gözləyir.

Qərargahı Brüsseldə yerləşən təşkilat beynəlxalq ictimaiyyətə Əfqanıstanda 2014-cü ildə prezident seçki kampaniyası dövrü təhlükəsizliyin təmin edilməsi məqsədilə gözlənilməz hallar üçün plan hazırlamasını tövsiyə edib. Qrup həmçinin Əfqanıstanın seçki rəsmilərini və qanunvericiləri şəffaf seçki keçirməyə və seçki prosesi ilə bağlı məsələləri səsverməyə qədər həll etməyə çağırıb.