Əfqanıstanda qadınların vəziyyəti beynəlxalq ictimiayyətin diqqət mərkəzində qalır

Britaniyada hazırlanmış yeni hesabatda Əfqanıstanda əsas diqqətin qadın hüquqları məsələlərinə yönəlməli olduğu tövsiyə edilir
Britaniya qanunvericiləri Əfqanıstanda qadınların hüquqlarının müdafiəsi proqramlarının təsirli olmadığını deyir. Bu yaxınlarda açıqlanmış hesabatda Britaniya hökumətinə Əfqanıstanda hökumət təsisatlarının qurulması əvəzinə qadınların hüquqları kimi daha ənənəvi humanitat layihələrə diqqət vermək təklif olunub.

Əfqanıstanın bəzi bölgələrində qadın hüquqları sahəsində vəziyyət 2001-ci ildə Taliban dövrü ilə müqayisədə düzəlib.

Ölkədə 3,2 milyon qız təhsil alır. Bu, 1990-cı illərin sonunda Taliban dövründə qadınların təhsilinə qadağa qoyulan illərlə müqayisədə əsaslı dəyişiklikdir.

Lakin Əfqanıstan hələ də qadınların yaşaması və inkişafı üçün ən pis ölkələrdən biri olaraq qalır.

Bu ilin əvvəli 150 məktəbli qızın zəhərlənməsi də daxil olmaqla, qızların təhsil aldığı məktəblərə hücumlar davam edir.

BMT 2011-ci ildə Əfqanıstanda qızların təhsil aldığı məktəblər və xəstəxanalarda 185 hücumun həyata keçirildiyini bildirir.

Britaniya qanunvericisi Malkolm Brüs Əfqanıstanda inkişaf proqramları ilə bağlı hökumətə tövsiyələr hazırlayan komitəyə rəhbərlik edir. Malkolm Brüs : “Bizim üçün ən önəmli məsələ qadınların statusu məsələsi idi. Onların vəziyyəti Taliban dövrünün sona çatması və beynəlxalq səviyyədə məsələlərə diqqətin artmasından sonra xeyli yaxşılaşmışdır. Qadınların çoxu əldə olunmuş nailiyyətlərin itiriləcəyindən ehtiyat edir. Geriləmə ilə bağlı dəlillər də var.”

Malkolm Brüs qadın hüquqları məsələsinə 2014-cü ildə beynəlxalq hərbi qüvvələrin Əfqanıstanı tərk etməsindən sonra dəstək verilməli olduğunu deyir. Lakin onun sözlərinə görə, Britaniyanın Əfqanıstan üçün nəzərdə tutulan 100 layihədən yalnız ikisi qadın məsələləri ilə birbaşa əlaqədardır. O deyir ki, Britaniyanın Əfqanıstanda dövlət quruculuğu işinə diqqəti yayınıb.

Malkolm Brüs :“Bizim diqqətimiz tam bu istiqamətə yönəlməyib. Qarşıya qoyduğumuz məqsədlərə çatmaq üçün diqqəti ona yönəltməliyik və vəziyyət dəyişdikdə buna uyğunlaşmalıyıq.”

Təhlükəsizlik Əfqanıstanda əsas prioritet məsələ olaraq qalır. Ölkənin bir sıra bölgələrində intiharçı bomba hücumları həyata keçirilir. Vəziyyət belə davam etsə, Əfqanıstan hökumətinin beynəlxalq dəstəyə daha çox ehtiyacı olacaq. London Chatham House araşdırma mərkəzinin təhlilçisi Qaret Prays: “Əfqanıstanda dövlət quruculuğu əsas prioritet olaraq qalır. Dövlət sistemi qurulmalıdır, bu işi 2014-cü ildə hərbi qüvvələrin ölkədən çıxarılmasından sonra daha zəif mövqedə olacaq qeyri-hökumət təşkilatlarının ixtiyarına qoymaq olmaz.”

Təhlilçinin sözlərinə görə, dövlətin möhkəmləndirilməsi təhsil və qadın hüquqları sahələrinin gücləndirilməsinin ən yaxşı yoludur.

Your browser doesn’t support HTML5

Əfqan qadınların problemləri