Əfqanıstan Talibanı Pakistana qarşı ölümcül transsərhəd hücumlar təşkil etməkdə şübhəli bilinən 200 militantı ələ keçirdiyini və terrorçuluq fəaliyyətini "zərərsizləşdirmək" üçün digər "konkret addımlar" atdığını bildirib. Amerikanın Səsi bu barədə məlumatı prosesdən xəbəri olan Pakistan rəsmilərindən alıb.
Əfqanıstanın de-fakto hökuməti İslamabadın yüksək səviyyəli nümayəndə heyəti ilə keçən həftə Kabildə ikitərəfli danışıqlar zamanı qeyri-qanuni "Təhrik-i-Taliban Pakistan" və ya TTP-yə qarşı repressiyaların təfərrüatlarını müzakirə edib.
Dialoq yüzlərlə ağır silahlanmış militantın Pakistanın şimal sərhədindəki Çitral bölgəsində iki təhlükəsizlik postuna hücumundan iki həftə sonra baş tutub. Sentyabrın 6-da keçirilən reyd zamanı 4 əsgər və 12 militant öldürülüb. Hücumun məsuliyyətini "Təhrik-i-Taliban Pakistan" öz üzərinə götürüb.
Taliban "Təhrik-i-Taliban Pakistan"ın Çitral hücumundan qayıdan 200 üzvünü həbs etdi. Onlar indi dəmir barmaqlıqlar arxasındadırlar" - deyə, adının açıqlanmasını istəməyən bir məmur bildirib.
O, əlavə edib ki, faktiki olaraq Əfqanıstan hakimiyyəti "Təhrik-i-Taliban Pakistan"ın digər üzvlərini Pakistanla sərhəddən uzağa köçürmək prosesindədir.
"Ancaq hər hansı bir nəticəyə gəlməzdən əvvəl bu addımların nəticələrini gözləməli və görməliyik. Ona görə də bu tədbirləri möhkəmlətmək üçün onlara bir qədər vaxt verilməlidir" - deyə, rəsmi əlavə edib.
Taliban "Təhrik-i-Taliban Pakistan"a qarşı repressiyalar barədə məlumatı hələ açıqlamayıb.
Talibanın yüksək səviyyəli nümayəndəsi bazar ertəsi bir daha bildirib ki, onun hökuməti heç kimə Əfqanıstan torpaqlarından Pakistana qarşı istifadə etməyə icazə vermir.
Zabihulla Mücahid Talibanın idarə etdiyi dövlət televiziyasına verdiyi şərhlər zamanı "Bu, bizim bəyan etdiyimiz siyasətdir. Bu, sülh və barışığın təşviqində Əfqanıstanın milli maraqlarının mərkəzində durur" deyib.