NATO Talibanın Əfqanıstanda ABŞ-ın hərbi vertolyotunu vurub saldığına dair iddialarını araşdırır. Qəza zamanı ABŞ-ın xüsusi təyinatlı qüvvələrinin üzvləri də daxil olmaqla 38 adam həlak olub. Çinok CH-47 tipli vertolyotun qəzazya uğradığı Vardak vilayətində döyüşlər bu gün də davam edib. ABŞ hərbi qüvvələri və xüsusi təyinatlı qüvvələrinin üzvləri ilə yanaşı, Əfqanıstanın kommandos qüvvələrinin yeddi üzvü və bir tərcüməçi də həlak olub. Taliban hücumun məsuliyyətini öz üzərinə götürüb. Yerli əfqan qüvvələri vertolyotun raketlə vurulduqdan sonra qəzaya uğradığını bildirib. Qəza ABŞ-ın Talibanın nəzarət etdiyi istehkama reyddən sonra baş verib. Reyd zamanı koalisiya qüvvələri tərifindən 8 yaraqlı qətlə yetirilmişdi. Bu arada, ABŞ-ın Müdafiə naziri Leon Panetta və NATO-nun Baş katibi Anders Foq Rasmussen koalisiya qüvvələrinin Əfqanıstanda kursu davam etdirəcəyini deyiblər. NATO 2014-cü ilin sonuna qədər hərbi qüvvələrin Əfqanıstandan çıxarılması planının bir hissəsi kimi təhlükəsizliyin təmin edilməsinə görə məsuliyyəti ölkənin bəzi yerlərində əfqan qüvvələrinə təhvil verməyə başlayıb.