Əfqanıstanın Taliban hökuməti rəsmilərinin çərşənbə axşamı bildirdiyinə görə, keçən gecə Pakistanla sərhəddə baş verən toqquşma zamanı onun ərazisində azı üç mülki vətəndaş ölüb. Qurbanların birinin qadın, ikisinin uşaq olduğu bildirilib.
Talibanın başçılıq etdiyi Daxili İşlər Nazirliyinin Kabildəki sözçüsü Əbdül Mətin Qani bazar ertəsi Torxam sərhəd-keçid məntəqəsi yaxınlığında baş verən münaqişəyə başlamaqda Pakistan qüvvələrini ittiham edib.
O, açıqlamasında deyib ki, Pakistan tərəfi Əfqanıstan ərazisindəki mülki evləri hədəf aldıqdan sonra Taliban qüvvələri cavab olaraq, Pakistanın iki sərhəd buraxılış məntəqəsini məhv edib. İddiaların müstəqil mənbələr tərəfindən təsdiqlənməsi mümkün olmayıb.
Pakistanın təhlükəsizlik rəsmisi insident nəticəsində üç əsgərin yaralandığını bildirib. O, məsələni media ilə müzakirə etmək səlahiyyəti olmadığı üçün anonim danışıb.
Pakistan ordusuna məxsus media sərhəddəki atışma və onun nəticəsində baş verən itkilərlə bağlı sorğulara cavab verməyib.
Pakistan təhlükəsizlik rəsmilərinin bildirdiyinə görə, Əfqanıstan tərəfi ikitərəfli razılaşmaları pozaraq, sərhəd-keçid postunu tikməyə cəhd edib və işi dayandırmaq barədə xəbərdarlıqlara məhəl qoymayan Taliban qüvvələri onları atəşə tutub.
İki ölkə arasındakı tarixi Torxam sərhəd-keçid məntəqəsi qarşıdurmalar səbəbindən bütün nəqliyyata bağlanıb və çərşənbə axşamı da bağlı qalıb.
Bu keçid dənizə çıxışı olmayan Əfqanıstan üçün Pakistan və digər ölkələrlə ikitərəfli və tranzit ticarət həyata keçirmək üçün əsas obyektdir.