Kabildə Talibanla qarşıdurmaya son qoyulub

Əfqanıstanın Daxili İşlər Nazirliyinin bildirdiyinə görə, paytaxtdakı Qonaq evinə hücum edən Talibanla atışma 4 yaraqlının öldürülməsi ilə, bu gün səhər tezdən başa çatıb.

Kabildə bir neçə səfirliyin və hökumət binalarının yerləşdiyi Vəzir Əkbər Xan məhəlləsində Əfqanıstan təhlükəsizlik qüvvələri ilə hücumçular arasında güclü atışma olduğu və partlayışların baş verdiyi deyilir.

Daxili işlər nazirinin müavini Məhəmməd Əyub Sələngi deyib ki, hücumçuların avtomat silahlardan və qumbara atanlardan istifadə etməsinə başmayaraq, nə mülki vətəndaşlar, nə də hərbçilər arasında xəsarət alan olmayıb.

Adətən yaz-yay mövsümlərində hücumlarını intensivləşdirən Taliban bu hücumun da məsuliyyətini öz üzərinə götürüb.