Əfqanıstanın Nanqarhar əyalətində bomba hücumu olub

Əfqanıstanın şərqində seçkiqabağı təşviqat kampaniyası zamanı həyata keçirilən intiharçı bomba hücumu azı 14 nəfərin ölümünə, 42 nəfərin yaralanmasına səbəb olub.

Partlayış Nanqarhar əyalətinin Kama mahalında oktyabrın 20-də keçiriləcək parlament seçkilərində iştirak edəcək namizədin kampaniyası zamanı baş verib. Namizəd Nasir Məhəmmədin vəziyyəti ilə bağlı məlumat verilməyib.

Əyalət hökuməti sözçüsü Ayətulla Xoqyani Amerikanın Səsinə verdiyi şərhində intiharçının bədəninə bağladığı bombanı seçki kampaniyası keçirilən zaman partlatdığını deyib. Bu, 417-si qadın olmaqla, Əfqanıstanda 2500 namizədin iştirak edəcəyi seçki kampaniyasına ilk genişmiqyaslı hücum idi.

Bomba hücumunun məsuliyyətini öz üzərinə götürən olmayıb, baxmayaraq ki, Əfqanıstanın bu əyalətində həm Taliban, həm də İslam Dövləti qrupları fəaliyyət göstərir.