2009-cu il aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) törədilən qətliamdan 11 il ötür.
2015-ci ildən bu ali məktəb Azərbaycan Dövlət Neft və Sənaye Universiteti adlanır.
Silahlı olay universitetin Dilarə Əliyeva küçəsi, 227 saylı ünvanda yerləşən ikinci korpusunda (təzə korpus) baş vermişdi.
Rəsmi açıqlamaya görə, universitetə daxil olan Gürcüstan vətəndaşı Fərda Qədirov adlı şəxs qarşısına çıxan hər kəsə odlu silahdan atəş açıb, 12 nəfər həlak olub, 13 nəfər yaralanıb. Həmin şəxsin sonra da özünü odlu silahla öldürdüyü bildirilir.
Bu hadisə ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin əməkdaşlarından ibarət əməliyyat istintaq qrupu yaradılıb.
İstintaq bir neçə şəxsi cinayət məsuliyyətinə cəlb edib.
F.Qədirovun ölümü ilə əlaqədar cinayət işinin ona aid hissəsinə xitam verilib.
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin 2010-cu il avqustun 10-da verdiyi hökm ilə iş üzrə təqsirli bilinən Nadir Əliyev, Cavidan Amirov, Nəcəf Süleymanov ömürlük, Ariz Qabulov isə 11 il azadlıqdan məhrum edilib. Onlar F.Qədirova kənardan dəstək verməkdə günahlandırılıblar.
Amma məhkəmə zamanı həbs edilənlər istintaqın obyektiv aparılmadığını, onlardan ağır işgəncələr altında etirafedici ifadələr alındığını iddia ediblər. Hərçənd, Azərbaycanın hüquq-mühafizə orqanları təcridxana və cəzaçəkmə müəssisələrində işgəncə olmasına dair şikayətləri əsaslı saymırlar, belə məlumatları uydurma iddialar adlandırırlar. Həmin vaxt da hüquq-mühafizə orqanları məhkəmədə səslənən bu iddiaları təsdiq etmədilər.