Təbrizdə milli fəallar Əyyub və Davud Şiri həbs edilib

Davud və Əyyub Şiri qardaşları

Təbriz sakini olan milli fəallar Əyyub və Davud Şiri qardaşları mayın 19-da təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıblar.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyinin yayımladığı məlumata əsasən, Əyyub və Davud müvafiq olaraq iş yerində və məsciddə keçirilən bir yas mərasimindən çıxarkən təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq naməlum yerə aparılıb.

Azərbaycanlı fəalların həbslərinin səbəbləri və onlara qarşı irəli sürülən ittihamlar barədə, hələ ki, məlumat yayılmayıb.

Davud və Əyyub Şiri qardaşları ötən ilin avqustun 23-də 6 aylıq həbs müddətinin bitməsi ilə Təbriz həbsxanasından sərbəst buraxılmışdılar.

Milli fəallar 2019-cu ildə İranda benzin qiymətinin qəfildən artmasının ardından baş verən kütləvi etirazlar zamanı həbs edilərək "qanunsuz təşkilata üzv olmaq" ittihamı ilə hər biri 6 ay həbsə məhkum edilmişdi.

SEE ALSO: Təbrizdə həbsdə olan Şiri qardaşları yeni ittihamlarla üzləşib

Şiri qardaşları Təbrizdə həbsdə ikən qaldırılan yeni iddiada məhkəmə tərəfindən "ölkə təhlükəsizliyini pozmaq məqsədilə qanunsuz qrup təşkil etmək" ittihamı ilə üzləşmişdi. Fəallara qarşı qaldırılan həmin iddia ilə bağlı verilən 100 milyon tümən zəmanət qarşılığındao onlar müvəqqəti olaraq sərbəst buraxılmışdılar.