Aclıq aksiyası keçirən jurnalist Polad Aslanov hakimə etiraz edib

Your browser doesn’t support HTML5

Fevralın 4-də Bakı Apellyasiya məhkəməsində hakim Həsən Əhmədovun sədrliyi ilə jurnalist Polad Aslanovun şikayətinə baxış başlayıb.

Məhkəmə prosesi açıq keçirilsə də media nümayəndələri iclas zalına buraxılmayıb.

Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanovanın etirazından sonra cəmi iki nəfər - hüquq müdafiəçisi və jurnalist zala buraxılıb.

Gülmirə Aslanova bildirib ki, bu günki məhkəmə iclasında jurnalist Polad Aslanov hakimə etiraz edib.

Polad Aslanov hesab edir ki, hakim sifarişlə siyasi məhbusların məhkəmə işinə baxır və buna görə də hakimin dəyişilməsini tələb edib.

Daha sonra o zalda əyləşən dörd mülki geyimlinib zaldan çıxarılmasını istəyib. Bundan sonra hakim Polad Aslanovu məhkəmə zalından çıxarıb və təqsirləndirilən şəxsin iştirakıolmadan proses davam etdirilib.

Gülmirə Aslanova həyat yoldaşının səhhətinin ağır olduğunu, artıq 5 gündür aclıq etidiyini bildirib.

O deyir ki, jurnalistin səhhəti ilə həkim belə maraqlanmayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsi hakim Faiq Qəniyevin sədrliyi ilə 2020-ci il noyabrın 16-da Xeberman.com saytının təsisçisi və baş redaktoru Polad Aslanovun 16 il azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına görə, Polad Aslanov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur. Açıqlamada onun xarici xüsusi xidmət orqanlarının əməkdaşlarından aldığı tapşırıqlar əsasında Azərbaycanın dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə istifadə etməkdən ötrü topladığı məlumatları həmin orqanlara ötürdüyü bildirilir.

Polad Aslanova qarşı irəli sürülmüş ikinci ittihamda - Cinayət Məcəlləsinin 134-cü (öldürməklə hədələmə) maddəsində 2 min manata qədər cərimə, 2 ilədək islah işləri və bu müddətdə həbs nəzərdə tutulub. O, saytlardan birinin əməkdaşı Dəyanət Babayevi hədələməkdə təqsirləndirilir. Məhkəmə bu ittihamı jurnalistin üzərindən götürüb.

Polad Aslanov məhkəmədə ittihamları qəbul etmədiyuini və həbsinin jurnalist fəaliyyəti ilə bağlı olduğunu bildirib.

ABŞ Dövlət Departamentinin demokratiya, insan hüquqları və əmək məsələləri bürosunun noyabrın 2-də yaydığı bəyanatda Azərbaycan hakimiyyəti 2019-cu ilin iyunundan bu yana Dövlət Təhlükəsizliyi Xidmətindəki korrupsiyanı ifşa etdikdən sonra tutulan Polad Aslanov da daxil olmaqla, əsas azadlıqlardan istifadə etdiyinə görə həbs edilən bütün jurnalistlərin sərbəst buraxmasına çağırılır.