Amerika Akkordeonçular Assosiasiyası 80-ci ildönümünü qeyd edir. Virciniya ştatının Aleksandriya şəhərindəki tədbirə müxtəlif yaşlı musiqiçilər toplaşıb.
Birləşmiş Ştatlar və digər ölkələrdən gələn akkordeonçular öz ifalarını və ideyalarını bölüşmək üçün illik festivala toplaşıblar. Onlardan bəziləri ifaçılıqla yeni, bəziləri isə illərdir məşğul olur. Amerika Akkordeonçular Assosiasiyasından Can Qruman: “Mən yaşda olanların, 60-70-ci illərin akkordeon məktəbləri güclü idi. Bir çox ailə ya piano almağa imkanı olmadığı, və ya evləri çox kiçik olduğu üçün uşaqlarına akkordeon alırdı. Həmin uşaqlar məktəbin akkordeon orkestrinə üzv olur və orada rəqabət aparırdılar.”
Aleks Çudolıj kimi bəziləri inanır ki, Birləşmiş Ştatlarda akkordeon sənətinə maraq yavaş-yavaş dirçəlməyə başlayıb. Çudolıj akkordeon çalmağa uşaq yaşlarından başlayıb və hazırda bu ənənəni onun oğlu Piter davam etdirir. “Etnik azlığın üzvü olaraq, mən ukraynalıların icmasında, Kətskilin istirahət mərkəzlərində böyümüşəm, uşaq qruplarının üzvü olmuşam. Və 15-dən 23 yaşa qədər mənim öz qrupum olub. Biz evlərdə və istirahət mərkəzlərində çalırdıq. Mən xalq musiqisini sevirəm” deyə, Aleks Çudolıj bildirir.
Frank Busso uşaq olarkən akkordeon onun da həyatının bir hissəsi olub. O, akkordeonu 5 yaşında ikən çalmağa başlayıb. İndi isə o, ABŞ Hərbi Hava Qüvvələrinin “Strolling Strings” ansamblında çalır və bu alətdən diplomatik məqsədlər üçün istifadə edildiyini deyir. “Bəzən biz baş qərargahlar rəisinin evində verilən şam yeməyinə gedirik. Görürsən ki, bizim liderlərlə digər bir ölkənın liderləri arasında gərginlik var və o zaman biz həmin millətin mədəniyyətinə mənsub bir-iki mahnı çalırıq. Və sanki həmin an gərginlik aradan qalxır."
ABŞ Hərbi Hava Qüvvələrinin ansamblında 28 ildir akkordeon çalan Lu Koppola Amerika Akkordionçular Assosiasiyasının “Yaradıcılıq Dövründə Nailiyyətlər” mükafatına layiq görülüb. Bu müddət ərzində o, ABŞ-ın 9 prezidenti və yüzlərlə xarici dövlət başçısı qarşısında çıxış edib.
Koppola deyir ki, Amerikada akkordeona həvəs “Beatles” qrupundan sonra azalıb və insanlar gitaraya üstünlük verməyə başlayıb.
Öz musiqi janrına gəldikdə isə Lu Koppola klassik musiqiyə üstünlük verdiyini deyir. “Maraqlıdır, mən Polka çalmaq istəmirəm və bunu səbəbi var. Çünki insanlar düşünürlər ki, akkordeonda yalnız bu növ musiqi çalınır. Bir məclisdə olarkən səndən daim "İspan xanımı" mahnısını çalmağı sifariş edirlər. Mən bu mahnını da çalmaq istəmirəm. Burada qəbahət yoxdur. Sadəcə akkordeonla yalnız müəyyən musiqi növləri və mahnıların assosiasiya olunması xoşuma gəlmir."
Lakin musiqini hansı janrda ifa etmələrinə baxmayaraq, akkordeonçular gələcək nəslin onların bu zəngin musiqi ənənəsini davam etdirəcəyinə ümid bəsləyirlər.