ABŞ Əfqanıstandan çıxandan bəri Talibanla ilk dəfə üz-üzə görüş keçirir

Əfqanıstanı idarə edən Taliban şənbə günü Qətərdə Amerika nümayəndə heyəti ilə görüşdə Birləşmiş Ştatları Əfqanıstan mərkəzi bankının dondurulan ehtiyatlarını açmağa çağırıb. Bu, ABŞ avqust ayının sonunda Əfqanıstanı tərk edəndən və islamçı qrup ölkənin nəzarətini ələ keçirəndən bəri yüksək səviyyəli rəsmilər arasında ilk üz-üzə dialoqdur.

Qətərin paytaxtı Dohada iki günlük danışıqlara başçılıq edən Talibanın xarici işlər naziri vəzifəsini icra edən Əmir Xan Müttəqi deyib ki, ABŞ vasitəçiləri açılış sessiyasında onun qarışıqlıq içərisində olduğu ölkəsinə humanitar yardımı davam edəcəklərinə və əfqanlara koronavirus vaksini təklif edəcəklərinə söz veriblər.

Talibanın jurnalistlərlə bölüşdüyü audio mesajda Müttəqi deyib ki, onlar iki tərəf arasında “yeni səhifə açmağı müzakirə ediblər.

“Müzakirələrdə Bbir-birimiz arasında bərabər əsaslarla yaxşı müsbət münasibət qurmağın əhəmiyyəti vurğulanır. Biz Əfqanıstanın üzləşdiyi çətin vəziyyət fonunda Əfqanıstanın dondurulmuş maliyyə aktivlərini açılmasına olan ehtiyacı vurğuladıq,” xarici işlər naziri deyib.

Taliban ölkənin nəzarətini ələ keçirəndən sonra Vaşinqton Əfqanıstanın ABŞ-ın federal ehtiyat bürosunda saxlanılan milyardlarla dollar aktivini dondurub. Dünya Bankı və Beynəlxalq Valyuta Fondu da Talibanın hakimiyyəti altında insan hüquqları ilə bağlı narahatlıqlarını səbəb göstərərək, inkişaf üçün maddi yardımı dayandırıb.

Dünya Bankının bildirdiyinə görə, ABŞ-ın başçılıq etdiyi qüvvələrin və bir çox beynəlxalq donorların ölkədən çıxması Əfqanıstanı ictami xərclərin 75 faizini maliyələşdirən qrantlardan məhrum edib. Bu isə Talibanın hökumət işçilərinin maaşlarını ödəməsini çətinləşdirib.

Cəza xarakteri daşıyan beynəlxalq tədbirlər Əfqanıstanda iqtisadi tənəzzüllə bağlı narahatlıqları artırıb. Tənqidçilər bunun humanitar böhranı pisləşdirə biləcəyini deyir. Biz [amerikalılara] açıq şəkildə dedik ki, heç kəs Əfqanıstanın qeyri-sabit olmasından daydalanmır, ona görə də, heç kəs Əfqanıstanın hazırkı hökumətini zəiflətməyə və ya onsuz da iqtisadi çətinlik çəkən əfqanların problemlərini artırmamalıdır,” Müttəqi deyib. O, Əfqanıstan ərazisindən başqa ölkələr təhdid törətmək üçün istifadə edilməsinə icazə verilməyəcəyini vurğulayıb.

ABŞ rəsmiləri hələ ki, Dohada davam edən danışıqlarla bağlı təfərrüatları paylaşmayıblar. Dövlət Departamentinin rəsmiləri cümə günü ABŞ-ın nümayəndə heyətinin şənbə günündən başlayaraq Talibanla iki gün boyunca danışıqlar aparacağını təsdiq edib.

Danışıqlar barədə ilk məlumatı yayan Reuters xəbər agentliyi bildirib ki, ABŞ nümayəndə heyətinə Dövlət Departamenti, USAID və ABŞ-ın kəşfiyyat icmasının rəsmiləri daxil olacaq.

Talibanın yüksək vəzifəli Suhail Şahid Amerikanın Səsinə liderlərinin şənbə və bazar Dohada ABŞ-ın nümayəndə heyəti ilə görüşəcəyini təsdiq edib. Şahin Dohada işləyir və o, qrupun Birləşmiş Millətlər Təşkilatındakı nümayəndəsidir.

Cümə günü Taliban xarici işlər naziri Əmir Xan Müttəqinin bir neçə yüksək səviyyəli rəsmi ilə birlikdə Kabili tərk edərək Dohaya yola düşdüyünü bildirib.

“Nümayəndə heyəti Qətər rəsmiləri habelə başqa ölkələrin nümayəndələri ilə birlikdə hazırkı siyasi vəziyyəti və münasibətləri barədə müzakirələr aparacaqlar,” Talibanın Xarici İşlər Nazirliyinin sözçüsü Əbdül Qəhar Balxi bildirib. O, heç bir ölkənin adını çəkməyib və deyib ki, Talibanın kəşfiyyat xidmətinin sədri də nümayəndə heyətinə daxildir.

Bu, Birləşmiş Ştatlar avqustun sonunda qoşunlarını Əfqanıstandan çıxarandan və islamçı Talibanı hakimiyyəti ələ keçirəndən bəri yüksək səviyyələi ilk üz-üzə görüşdür.

ABŞ-ın nümayəndə heyəti Talibana ABŞ vətəndaşları və 20 illik müharibədəki əfqan müttəfiqlərinin Əfqanıstandan təhlükəsiz şəkildə çıxarılmasını təmin etməsi üçün təzyiq göstərəcək.

ABŞ deleqasiyasının həmçinin Talibanı Əfqanıstan torpağının Əl-Qaidə və başqa terrorçular üçün sığınacağa çevrilməsinə imkan verməməsinə və Əfqanıstan artan humanitar böhran və iqtisadi böhranla üzləşdiyi bir vaxt yardımın çatdırılmasına imkan verəcəyinə dair vədinə riayət etməyə çağıracaq.

ABŞ rəsmiləri Reuters-ə bildirib ki, bu görüş o demək deyil ki, Vaşinqton Taliban hökumətini tanımağa hazırlaşır. Onlar bunun Talibanın inklüziv hökumət qurmaq, qadınların işləmək hüquqlarını qorumaq və qızlara təhsil almağa icazə vermək kimi öhdəliklərini yerinə yetirib-yetirməyəcəyindən asılı olacaq.