ABŞ Əfqanıstanda hərbi mövcudluğunun bitdiyini söyləyir

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Kabildəkı hava limanından havaya qalır

Birləşmiş Ştatların Əfqanıstandakı iyirmi illik mövcudluğu başa çatdı.

ABŞ Mərkəzi Komandanlığının rəhbəri, General Frank Makkenzinin sözlərinə görə, son təyyarələr Kabil saatıyla gecə yarısından bir dəqiqə əvvəl hava limanını tərk etdi.

Talibanın yüksək vəzifəli nümayəndəsi Amerikanın Səsinə bildirib ki, "bütün xarici işğalçı qüvvələr bir neçə dəqiqə əvvəl ölkədən çıxdı."

Sonuncu uçuşlarla bağlı xəbər Ağ Ev və Pentaqonun Kabildən amerikalıların və həssas durumda olan əfqanların təxliyəsinə "sona qədər" kömək etməyə davam edəcəklərinə söz verdikləri vaxt verilib. Onlar bu təxliyələri ABŞ hərbi tarixində ən böyük hava nəqliyyatı əməliyyatı olaraq təsvir edib.

Birləşmiş Qərargahlar rəislərinin komandanlığının regional əməliyyatlar üzrə direktor müavini, ordu generalı Vilyam "Hank" Teylor jurnalistlərə verdiyi açıqlamada, "Biz ən son ana qədər təxliyə və uçuş həyata keçirmək qabiliyyətinə sahibik" - deyə bildirib.

Ağ Ev və Pentaqon bildirib ki, bazar ertəsinə qədər Əfqanıstandan 116 700 adam təxliyə edilib, o cümlədən 1200-ə yaxın insan ABŞ-ın 26 hərbi təyyarələrinin uçuşu və iki koalisiya reysi ilə bazar günündən bazar ertəsinə qədər ölkədən çıxarılıb.

Ağ Evin mətbuat katibi Cen Psaki bazar ertəsi jurnalistlərə verdiyi açıqlamada bu müddət ərzində 6000-ə yaxın amerikalının Əfqanıstanı tərk etdiyini, lakin "hələ də az sayda" insanın ölkədə qaldığını söyləmişdi.

"Amerika vətəndaşlarının təxliyəsi üçün işimizi davam etdiririk. Öhdəliyimiz davam edir, hərbi qüvvələrdə kişilər və qadınlarımızı vətənə gətirsək də, öhdəliyimizdən imtina etmirik" - deyə Psaki bildirib.

Psaki ABŞ-ın əfqanıstanlı tərəfdaşlarının, xüsusən də Xüsusi İmmiqrant Vizası üçün müraciət edənlərinin təxliyə edilməsinin dayandırıldığı barədə xəbərləri də təkzib edib. Bu xəbərlər ötən cümə axşamı baş verən və ən azı 169 əfqanın və 13 ABŞ hərbçisinin ölümünə səbəb olan intihar hücumundan sonra yayılıb.

"Prezident Kabil hava limanındakı hücumdan sonra, komandirlərə müraciəti zamanı açıq şəkildə İŞİD-in Amerika hərbçilərinin ölümünə görə məsuliyyətə cəlb edilməsi üçün ABŞ ordusuna öhdəliklərini davam etdirmələrini tapşırdı"- Psaki əlavə edib. "Onlar lazımi səlahiyyətlərə sahibdirlər," o əlavə edib.

Bununla belə həm Ağ Ev, həm də Pentaqon ABŞ ordusunun başçılıq etdiyi təxliyənin son saatlarında yerdə şəraiti həm dəyişkən, həm də təhlükəli kimi təsvir edib. Kabil hava limanına İŞİD-Xorasan tərəfindən məsuliyyəti öz üzərinə götürdüyü gecə baş verən raket hücumu xüsusilə vurğulanıb.

Müdafiə rəsmiləri hücum edənlərin hava limanına 5 raket atdıqlarını söyləyib. Onlardan üçü hədəfə çatmayıb, dördüncüsü isə ciddi ziyan vurmadan hava limanına düşüb.

Rəsmilərin bildirdiyinə görə, beşinci raket ABŞ müdafiə sistemləri tərəfindən vurulub.

Pentaqonun mətbuat katibi Con Kirbi jurnalistlərə verdiyi açıqlamada, "Təhdid axını hələ də gerçəkdir, hələ də aktivdir və bir çox hallarda hələ də spesifikdir" deyərək əlavə edib. "Onlar kimi sürətli və çevik olmağa çalışmışıq," o əlavə edib.

Eyni zamanda, ABŞ Kabildə bazar günü pilotsuz təyyarənin hücumu da daxil olmaqla, bəzi təhlükəsizlik səylərinə görə artan tənqidlərə məruz qalır.

ABŞ hərbi səlahiyyətliləri raket zərbələrinin hava limanına hücum etmək məqsədi ilə bir avtomobilə partlayıcı yükləyən İŞİD-Xorasan əməliyyatçılarını öldürdüyünü söyləsə də, The New York Times və digər media qurumları uşaqlar da daxil olmaqla, doqquz mülki vətəndaşın həlak olduğunu yazıb.

Bazar ertəsi günü Kirbi qaçılmaz təhlükənin ilkin dəyərləndirməsinə yönəlib, ancaq ordunun uşaqlar da daxil olmaqla ətrafdakıların öldürülmə ehtimalı haqda "mübahisə etmək iqtidarında olmadığını" əlavə edib.

"Yer üzündə heç bir ordu sivil qurbanların qarşısını almaq üçün Amerika Birləşmiş Ştatları ordusundan daha çox çalışmır və heç kim günahsız insanların ölməsini istəmir. Biz bunu çox ciddi qəbul edirik"- deyə, o bildirib.

ABŞ hərbi qüvvələrinin çıxması üçün son möhlət yaxınlaşdığı zaman, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi Əfqanıstan xalqının hökumətlərin, humanitar və sadə insanların "onlarla birlikdə qalıb yola davam etməsinə" ehtiyac duyduğunu söyləyib.

"Dünyanın hər yerində yaşayan insanlar əfqanları öz cəmiyyətlərində və evlərində salamlayarkən, geridə qalanları unuda bilmərik. Əfqanıstanda və bölgə ölkələrində kritik humanitar ehtiyacları qarşılamalıyıq və cavabımız güclü və təcili olmalıdır. İstər xaricdə təhlükəsizlik axtaran, istərsə də evlərində həyatlarını qorumağa çalışan əfqanların yanında olmaq, Əfqanıstan xalqının yanında olmaq deməkdir", Qrandi əlavə edib.