ABŞ-ın yeni səfirinin Azərbaycana gəlməsi gözlənilir

Li Litzenberger

ABŞ Səfirliyi Li Litzenbergerin video mesajını yayıb

ABŞ-ın Azərbaycandakı yeni səfiri Li Litzenbergerin yaxın zamanda Bakıya gələcəyi gözlənilir.

ABŞ-ın Azərbaycandakı səfirliyi Facebook səhifəsində səfir Litzenbergerin video mesajını yayıb.

“Mən ABŞ-ın Azərbaycanda yeni səfiri olmağımdan şərəf duyuram. Diplomat kimi fəaliyyət göstərdiyim 34 il ərzidnə Əfqanıstanda, Əlcəzairdə, Belçikada, Bolqarıstanda, Fransada, Gürcüstanda, Qazaxıstanda və Serbiyada çalışmışam. İndi isə Azərbaycana gəlməyimdən məmnunam. ABŞ-la Azərbaycanı güclü əlaqələr bağlayır. Bizim ölkələrimiz 25 ildir ki, təhlükəsizlik, enerji, iqtisadi artım və demokratik inkişaf kimi vacib sahələrdə əməkdaşlıq edir. Səfir kimi çalışaraq mən, ikitərəfli münasibətlərimizin bütün aspektlərini gücləndirməyə və yeni əməkdaşlıq sahələrini müəyyənləşdirməyə çalışacam. Bizim ölkələrin insanları arasında olan əlaqələr güclüdür və müxtəlif insanlarla görüşüb onların fikirlərini dinləmək niyyətindəyəm,” səfir Litzenberger video mesajında bildirir.

ABŞ Senatı yanvarın 2-də Li Litzenbergeri Azərbaycanda yeni səfir təsdiq edib.

Keçmiş səfir Robert Sekutanın ölkəni tərk etməsindən 12 ay sonra yeni səfirin Azərbaycana gəlişi gözlənilir.

Litzenbergerin Dövlət Debartamentində son işi hərbi-siyasi məsələlər üzrə büroda baş müşavir olub.

O, oktyabrda senatorlara bildirib ki, Azərbaycanın Qərblə inteqrasiyası “enerji boru kəmərləri, ixracat və təhlükəsizlik sahəsində əməkdaşlıq çərçivələrindən kənara çıxa bilər və çıxmalıdır”.

“Birləşmiş Ştatlar Azərbaycanla qanunun aliliyi, şəffaflıq və insan hüquqlarının və ləyaqətinin müdafiəsi vasitəsilə demokratiya və açıq iqtisadiyyat prinsiplərinin təşviqi məsələsində də sıx əməkdaşlıq etməlidir. Uzunmüddətli sabitliyi təmin etmək, insan resurslarının və iqtisadiyyatının bütün potensialını üzə çıxarmaq üçün bu islahatların həyata keçirilməsi Azərbaycanın maraqlarına uyğundur,” Litzenberger qeyd edib.

O həmçinin Amerika dəyərlərini bölüşmək və Azərbaycanın zəngin tarixi və mədəniyyəti haqqında daha çox şey öyrənmək üçün Azərbaycan cəmiyyətinin geniş dairəsi ilə görüşməyə çalışacağını vəd edib.