ABŞ-ın qadınlardan ibarət milli yığması bazar günü Fransanın Lion şəhərində futbol üzrə dünya çempionatında Niderland yığması üzərində 2:0 hesabı ilə qələbə çalaraq, 4-cü dəfə çempion titulunu qazanıb.
Dünya çempionatının finalında ABŞ yığmasının rəqibi olan Niderland Avropa çempionudur.
ABŞ yığması dörd il bundan əvvəl 2015-ci ildə Yaponiya yığması üzərində qələbə çalaraq dünya çempionu olmuşdu.
Qadınlararası futbol yarışlarında çempion olmasına baxmayaraq, ABŞ yığması böyük idmanda kişi idmançılarla gəlirlərdə bərabərlik uğrunda mübarizə aparır. ABŞ-ın qadın yığması 8 mart Beynəlxalq Qadınlar günündə onlardan daha az polulyarlığı olan kişilərdən ibarət yığma ilə bərabər qonorar almaq üçün Birləşmiş Ştatların Futbol Federasiyasını məhkəməyə verib. Məhkəmə işində qadınlar və kişilərdən ibarət komandaların eyni işə baxmayaraq, qazancları və iş şəraitində fərqlərin olduğu qeyd edilir. Məhkəməyə təqdim edilmiş sənədə əsasən, hər komanda il ərzində 20 dostluq görüşü keçirirsə, qadınlara 99 min, kişilərə isə 263 min ödənilir.
SEE ALSO: Bloq: Qadın futbolu, dünya kuboku və gender qeyri-bərabərliyiQadın futbolunda qeyri-bərabərlik mövzusu Fransada qadınlararası dünya futbol kuboku uğrunda oyunların davam etdiyi müddətdə diqqət mərkəzində olub.
ABŞ-ın Futbol Federasiyası kişilərdən ibarət yığma komandaya 2014-cü ildə uduzduğuna baxmayaraq, 5,4 milyon dollar ödəyib, qadın yığmasının 2015-ci ildə çempion titulunu qazanmasından sonra bonusu isə cəmi 1,7 milyon təşkil edib.
2014-cü ildə Braziliyada kişilər arasında keçirilən dünya çempionatında qızıl kubok qazanmış Almaniya milli yığması 35 milyon almışdı. FİFA ABŞ-ın qadınlardan ibarət milli yığmasına 2 milyon dollar ödəmişdi.
ABŞ-ın qadın yığmasının kapitanı Meqan Rapino şənbə günü FİFA-nı yenidən tənqidlərə məruz qoyaraq, təşkilatın qadınların oyunlarına hörmət etmədiyini deyib.
Rapino FİFA-nın kişilər arasında Copa America finalı və Qızıl Kubok oyunlarının qadınlararası futbol çempionatının finalı ilə eyni gündə keçirməsini “inanılmaz” adlandırıb.
Futbol Amerika Birləşmiş Ştatlarında Amerika futbolu, basketbol və beysbol qədər populyar oyun deyil. Lakin ABŞ-ın qadınlardan ibarət yığmasının ölkədə və dünya miqyasında azarkeşlərdən ibarət böyük auditoriyası var. Dörd il əvvəl Vankuverdə ABŞ və Yaponiya qadın yığmaları arasında final matçı Amerika tarixində televiziyada ən çox izənilən oyun olmuşdu.
Müşahidəçilər deyir ki, dörd dəfə dünya çempionu olmuş ABŞ-ın qadın yığması qarşısında dünya kubokundan daha ciddi bir sınaq durur: böyük futbolda bərabərliyə nail olmaq.