ABŞ-ın bir sıra aparıcı media qurumları CNN tele-kanalının Ağ Evdəki müxbiri Cim Akostanın akkreditasiyasının qaytarılması səylərinə dəstək verdiyini bildirib. Onlar arasında CNN-in ənənəvi rəqibi sayılan Fox News tele-kanalı da var.
“Gizli Xidmət tərəfindən Ağ Evdə çalışan jurnalistlərə verilən akkreditasiyadan silah kimi istifadə edilməməlidir. Biz bu yaxınlarda mətbuat tədbirində həm prezident, həm də media tərəfindən artan antaqonist tonla razılaşmadığımız halda, mətbuat azadlığını və Amerika xalqının maraqları naminə informasiya imkanı və mübadiləsini dəstəkləyərik”-deyə Fox News tele-kanalının prezidenti Cey Vallas bəyanatında yazıb.
Bloomberg, USA Today, Associated Press kimi tele-kanallar və başqa media qurumlarından ibarət koalisiya açıqladığı birgə bəyanatda CNN-in Ağ Evə qarşı məhkəmə işinə dəstək vermək məqsədilə “məhkəmənin dostu” statusu üçün müraciət ediləcəyini bildirib.
Prezident Donald Tramp məsələ ilə bağlı sualı cavablandıraraq deyib: “Mən bilmirəm, biz qələbə çalmalıyıq. Baxaq görək məhkəmə nə qərar çıxarır. Biri gəlib qışqırmağa başlayırsa və oturmursa bu, mətbuat azadlığıdırmı?”
Ağ Evin mətbuat katibi Sara Sanders CNN-in məhkəmə iddiasını rədd edərək, administrasiyanın Cim Akostanın akkreditasiyasının ləğv edilməsi qərarının arxasında durduğunu bildirib.
“Cənab Akosta prezidentə iki sual verdikdən sonra-prezident bunların hər ikisinə cavab verib-o başqa müxbirlərin də öz suallarını verməsi üçün mikrafonu Ağ Evin təcrübəçisinə verməkdən imtina edib. Bu, ilk dəfə deyil ki, həmin müxbir o biri jurnalistlərə imkan vermir”-deyə Sara Sanders bildirib.
Tramp administrasiyası keçən həftə Akostanın Ağ Evdə akkreditasiyasını ləğv edib. Bu addım Akostanın Ağ Evdə keçirilən mətbuat konfransı zamanı Trampın Mərkəzi Amerika ölkələrindən gələn miqrant karvanını “işğal” kimi təsvir etməsinə tənqidi münasibət bildirməsindən sonra atılıb.
Ağ Ev rəsmiləri həmçinin Akostanı prezidentlə mübahisə zamanı mikrafonu ondan almağa çalışan təcrübəçinin "əlinə toxunmaqda" ittiham edib. Video görüntülərdə Akostanın təcrübəçi ilə aqressiv davranmadığı göstərilir.