Çin ABŞ-ın Texas ştatının Hyuston şəhərindəki Çin konsulluğunun cümə gününə qədər bağlanmasına dair göstərişinə cavab olaraq ABŞ-ın Çenqdudakı konsulluğunun bağlanmasına qərar verib.
Bundan əlavə Prezident Donald Trampın ABŞ-da daha çox Çin konsulluqlarının bağlanacağına işarə etməsi fonunda Çin mediasında və Tvitter səhifələrində Pekinin ABŞ-ın Honq Konqdakı konsulluğunu bağlaması kimi "daha sərt zərbələrin vurulmasına" dair çağırışları var.
Amerikanın Səsinə müsahibə verən iki təhlilçinin fikrincə, konsulluqların bağlanması davam edərsə, ABŞ-Çin münasibətləri daha da pisləşəcək.
"Bu diplomatik gərginliyin kəskin şəkildə artması deməkdir. Bu həm də ABŞ və Çin arasında addım-addım başlayan yeni soyuq müharibə deməkdir" deyə, Honə Konqdakı siyasi şərhçi San Pu bildirib.
Pekin Renmin Universitetinin beynəlxalq əlaqələr üzrə professoru Şi Yinhun "ABŞ-Çin münasibətləri koronavirus pandemiyası başlayandan və əsasən də Honq Konqla bağlı milli təhlükəsizlik qanununu qüvvəyə minəndən bəri ən aşağı səviyyədədir" deyib.
"ABŞ-da prezident seçkilərinə hələ dörd ay və administrasiyanın Ağ Evdə işə başlamasına isə altı ay var. Bu müddət ərzində Tramp şübhəsiz ki, hər iki ölkə arasındakı münasibətləri daha da pozmaq üçün bir çox başqa addımlar da atacaq" - deyə, professor əlavə edib.