ABŞ və Türkiyə arasındakı gərginlik manata da təsir edir

Təhlilçilərin fikrincə, 40 ildən çoxdur ki, müttəfiq sayılan NATO üzvləri ABŞ və Amerika münasibətləri görünməmiş həddə pisləşib.

Keçən həftə Vaşinqton Türkiyənin ədliyyə və daxili işlər nazirlərinə sanksiyalar qoyub və bildirib ki, bu şəxslər amerikalı rahib Endrü Bransonun Türkiyədə həbsinə görə məsuliyyət daşıyırlar. Vaşinqton rahibin azadlığa buraxılmasını tələb edir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə bildirib ki, Türkiyə cavab addımı atacaq.

​Vaşinqtondakı Beynəlxalq Strateji Araşdırmalar Mərkəzi Türkiyə Layihəsinin direktoru Bülent Əlirza AzadlıqRadiosuna deyib ki, belə gərginlik Türkiyə xalqının maraqlarına xidmət etməyəcək, məsələn, lirə bu il dollara nəzərən rekord həddə, 27 faizə qədər dəyər itirib, bu isə ölkə iqtisadiyyatına zərbədir:

“Çünki Türkiyə idxaldan çox asılıdır. Xüsusilə də 1980-ci ildə, dünya iqtisadiyyatına açıldıqdan sonra türk şirkətlərinin borcları da artıb. Türkiyənin xaricdən aldığı borclar da bahalaşır və Senatın Xarici Əlaqələr Komitəsindən keçmiş qanun təsdiqlənərsə, o zaman Türkiyənin beynəlxalq kredit təşkilatlarından borc alması çətinləşəcək. Odur ki, Türkiyə “altdan almağa” çalışır”.

Bülent Əlirza deyib ki, bütün hallarda, Türkiyə və ABŞ -ın bu qarşıdurmada nəyi hədəflədiyini və necə davranacağını demək çətindir, çünki siyasət artıq rasional kontekstdən çıxıb. Bülent Əlirzanın sözlərinə görə, münasibətlərin gərginləşməsində həm Türkiyənin, həm də ABŞ -ın rolu var.

Həm Türkiyə, həm ABŞ, Azərbaycanın müttəfiqləridir. Türkiyə Azərbaycan üçün çox yaxın iqtisadi və siyasi tərəfdaşdır, Qərbə açılan qapıdır. ReAl partiyasının icra katibi, iqtisadçı Natiq Cəfərli deyir ki, gərginlik davam etsə, Ankara və Vaşinqton hətta rəsmi Bakıdan kimin yanında olmaqla bağlı seçim etməyi də istəyə bilər. Bu da Azərbaycanın siyasi cəhətdən dalana dirənməsi ilə nəticələnə bilər.

Natiq Cəfərli deyib ki, Türkiyə iqtisadiyyatının pisləşməsinin də Azərbaycana mənfi təsirləri var:

“Azərbaycanın ən iri layihələri Türkiyə ilədir və Türkiyədə durumun pisləşməsi Azərbaycanın strateji layihələrinin təhlükəsizliyi və maliyyələşməsi üçün problem yarada bilər. Bundan başqa lirənin zəifləməsi həm manata psixoloji basqılar yaradır, həm də qeyri-neft sektorunun tamamilə zəifləməsinə gətirib çıxarır”.