ABŞ və Taliban nümayəndələri Qətər danışıqlarına nikbin baxır

ABŞ və Taliban nümayəndələri bildirib ki, Qətərin Doha şəhərində keçirilən hazırkı danışıqlar bütün digər danışıqlardan daha çox özünü doğrulda bilər.

ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzad Talibanın yeni nümayəndə heyətinin daha nüfuzlu şəxslərdən ibarət olduğunu deyib və əlavə edib ki, danışıqların uğurlu nəticələnməsi üçün bu, əhəmiyyətli an ola bilər.

Talibanın nümayəndə heyətinin sözçüsü Suhail Şahin Amerikanın Səsinə bildirib ki, onun təmsil etdiyi tərəf hazırkı danışıqlardan şəffaf və məhsuldar nəticələr gözləyir.

Əsas məqsəd 18 il davam edən münaqişəyə son qoymaq, xarici qüvvələri Əfqanıstandan çıxarmaq və Əfqanıstan torpaqlarından heç bir terrorçu qrup və ya şəxsin ABŞ və ya onun müttəfiqlərinə hücumlar həyata keçirmək məqsədi ilə istifadə etməməsindən əmin olmaqdır.

Taliban və ABŞ iki əsas məqamı müzakirə etmək üçün xüsusi komandalar hazırlayıb.

Şahin deyib ki, hər iki tərəf bu qrupların “zəmanət və müqavilə layihəsi” üzərində işləyəcəklərinə ümid edir.