ABŞ Səfirliyi Fulbrayt Tələbə Proqramını açıq elan edib

Fulbrayt Tələbə Proqramı

ABŞ-ın Azərbaycandakı Səfirliyi Fulbrayt Tələbə Proqramı üzrə 2022-2023-ci tədris illəri üçün müsabiqəni açıq elan edib. Proqramda iştirak üçün iyunun 27-dək müraciət etmək olar.

Bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyi məlumat yayıb.

ABŞ Dövlət Departamenti tərəfindən tam maliyyələşdirilən Fulbrayt Tələbə Proqramı Azərbaycanlı gənclərin ABŞ universitetlərində magistr təhsili almaq üçün təqaüd proqramıdır. Proqramda iştirak üçün uyğunluq tələbləri və qaydalar haqqında daha ətraflı məlumatı səfirliyin veb səhifəsindən əldə etmək mümkündür.

Proqram haqqında onlayn məlumat sessiyası iyunun 17-də keçiriləcək.

Rəsmi məlumatlara görə, hər il Azərbaycan tələbələri, tədqiqatçıları və müəllim heyətinə müxtəlif sahələrdə təxminən 15 Fulbrayt təqaüdü təqdim edilir.

“Azərbaycanda Fulbrayt proqramının məzunlar şəbəkəsi 180 Fulbrayt proqramının tələbəsi, 120 alim, 40 “Humphrey“ proqramının mütəxəssisi və 50 TEA proqramının müəllimi ilə təmsil olunur. Azərbaycanın təhsil naziri Emin Əmrullayev, BMT-nin Rezident Əlaqələndiricisi Ofisinin Tərəfdaşlıq və İnkişaf üzrə maliyyə müşaviri Şəms Mustafayeva, Qafqaz Regional Ekoloji Mərkəzinin proqram neneceri Tomris Bayramova və İqtisadi Tədqiqatlar Mərkəzinin təsisçisi Qubad İbadoğlu başda olmaqla məzunlarımızla fəxr edirik,“ ABŞ-ın Azərbaycandakı Səfirliyi 2021-ci ildə Fulbrayt Proqramının yaradılmasının 75-ci ildönümü və Azərbaycanda fəaliyyət göstərməsinin 26 illiyində qeyd edib.