ABŞ Səfirliyi Baş Prokurorluğun məişət zorakılığının aradan qaldırılması ilə bağlı müraciətini alqışlayır

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyi Baş Prokurorluğun Azərbaycanda məişət zorakılığının aradan qaldırılmasının vacibliyini vurğulamasını alqışlayır.

Bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyinin açıqlamasında deyilir.

Səfirlik qeyd edir ki, dünyada milyonlarla qadın məişət zorakılığının qurbanı olub və Azərbaycanda 2021-ci ilin birinci yarısında 33 qadının bu dəhşətli cinayət nəticəsində həyatını itirməsi xəbəri bizi dərindən kədərləndirir.

“Məişət zorakılığı və qadınlara qarşı digər zorakılıq növlərinin aradan qaldırılmasına kömək etmək üçün Azərbaycan hökuməti və Azərbaycan vətəndaş cəmiyyəti ilə əməkdaşlıq etməkdən qürur duyacağıq,” ABŞ Səfirliyi qeyd edir.

Azərbaycan Baş Prokurorluğu bu gün, avqustun 12-də qadınlara qarşı zorakılıq halları ilə bağlı video müraciət yayıb.

Müraciətdə deyilir ki, qadınlara qarşı psixi və fiziki zorakılıq sağlam cəmiyyət üçün ciddi təhdid olaraq qalır.

“Təəssüflər olsun ki, təkcə 2021-ci ilin I yarımili ərzində baş vermiş qəsdən adam öldürmə cinayətləri nəticəsində 33 qadın zərər çəkmişdir.
Qadınlara qarşı zorakılıqla mübarizədə ən böyük maneə susmaqdır!
Susaraq cinayətə ortaq olma! Qadına qarşı zorakılıq halları ilə üzləşdikdə dərhal Baş Prokurorluğun "961" Çağrı Mərkəzinə müraciət et!
#qadınzorakılığınasusma,” müraciətdə qeyd edilir.

Son bir neçə ildə ölkədə feminizm hərəkatı genişlənib. Feminist fəallar qadın azadlıqları uğrunda bir neçə kütləvi aksiya keçirib.

Yerli qadın hüquqları müdafiəçiləri hesab edir ki, Azərbaycanda qadınların tənqidi səsləri eşidilmir.

Yerli ekspertlər Azərbaycanın İstanbul konvensiyasına qoşulmasını labüd sayır.