ABŞ-ı yeni seçilmiş prezidenti Co Baydenin 20 yanvar tarixində inaqurasiyasına hazırlıqların getdiyi vaxt Konqresin Donald Trampı ötən həftənin çərşənbə günü ABŞ Kapitoli binasına hücumda iddia edilən rolu ilə əlaqədar olaraq ikinci dəfə impiç edib-etməyəcəyi məsələsi diqqət mərkəzində qalır.
ABŞ-da Tramp tərəfdarlarının Kapitoli binasına beş nəfərin ölümü ilə nəticələnmiş hücumundan sonra müzakirələrin davam etdiyi bir vaxt qanunvericilər Donald Trampı kütləni qarışıqlıq yaratmağa təhrik etməkdə ittiham edərək, onun yenidən impiç edilib-edilməməsin nəzərdən keçirir. Spiker Nensi Pelosi deyib ki, bazar ertəsi Nümayəndələr Palatası Donald Tramp kabinetinə onu vəzifəsindən kənarlaşdırmaq üçün 25-ci düzəlişdən istifadə etmək çağırışına dair qətnamə təklif edir.
Tramp hücumdan əvvəl tərəftarları qarşısında çıxışında seçkilərin onlardan oğurlandığını iddia edərək, kütləni Kapitoli binasına doğru yürüyüşə səsləyib. Ötən həftənin cümə axşamı Ağ Evin mətbuat katibinin müavini açıqlama verərək, Trampın zorakılıqları qınadığını bildirmişdi.
Demokrat millət vəkili Alexandria Okasio-Kortez, Democrat ABC telekanalına müsahibəsində bildirir ki, "Mən bir neçə səbəbə görə impiçmentin təyin edilməsinin lazım olduğuna inanıram. Birincisi, əllbəttə ki, əsas prioritetimiz Donald Trampın ABŞ prezidenti vəzifəsindən uzaqlaşdırılmasını təmin etməkdir. Onunn vəzifəsində olduğu hər dəqiqə və hər saat təkcə ABŞ Konqresi üçün deyil, ölkə üçün açıq bir təhlükə təşkil edir".
Lakin burada əsas məsələ vaxtdır, çünki yanvarın 20-də prezident seçilmiş Co Baydenin inaqurasiyasından sonra Tramp Ağ Evi tərk edəcək. Bəzi Respublikaçı qanunvericilər impiçmentə qarşı çıxaraq, Baydenə yazdıqları məktubda Trampın vəzifəsindən getməyə günlər qalmış bu addımın "gərəksiz olacağını" bildiriblər. Qanunvericilər həmçinin digər variantları da müzakirə edir.
Respublikaçı millət vəkili Adam Kinzinqer düşünür ki, impiçment heçdə çıxış yolu deyil. "Mən səmimi olaraq düşünürəm ki, impiçment heç də ağıllı bir addım deyil. Çünki Donald Tramp yenə də qurban kimi görünəcək. Və düşünürəm ki, indiki məqamda Donald Tramp olduqca pis vəziyyətdədir. Bunu sözlə ifadə etmək olmur, doğrudurmu? O, kütləni qarışdırdı. Bu, Amerikanın qanunverici orqanına icraedici orqanı tərəfindən bir hücum idi, Amerika tarixinin ən pis günlərindən biri idi" deyə o ABC telekanalına müsahibəsində bildirib.
Eyni zamanda, Konstitusiyanın 25-ci düzəlişinin tətbiq edilməsi məsələsi də müzakirələr mövzusu olub. Bu düzəlişlə hazırki vitse-prezidentə prezidentin vəzifəsini davam etməyə uyğun olmadığı halda onun səlahiyyətlərini həyata keçirməsinə imkan verilir. Bu səbəblərə ölüm, vəzifədən azad edilmə, istefa və ya iş qabiliyyətinin itirilməsi daxildir.
2019-cu ilin dekabr ayında qanunvericilər Trampı vəzifəsindən sui-istifadə etdiyinə və Konqresə maneə törətdiyinə görə impiç olunmasına səs verdilər. Tramp Ukraynaya Baydenlə bağlı istintaq aparması üçün təzyiq göstərərək, səlahiyyətlərindən sui-istifadə etməkdə günahlandırılırdı. Lakin daha sonra o, ABŞ Senatındakı səsvermədə bəraət aldı. ABŞ tarixində heç bir prezident iki dəfə impiç olunmayıb.