Bayden COVİD-19-a qarşı vaksinasiya səylərini gücləndirməyə söz verib

Prezident Donald Tramp administrasiyası ABŞ-da təxminən 339,000 insanın ölümünə səbəb olan pandemiyaya cevabına görə tənqidləri rədd etdiyi bir vaxt, ABŞ-ın yeni seçilmiş prezidenti Co Bayden vaksinasiya programının genişləndirilməsi də daxil olmaqla, COVID-19 -a qarşı daha ciddi mübarizə aparacağını bildirib.

Ölkədə iki aydır zirvə nöqtəsinə çatan yoluxma hallarının sayında son bir neçə gündür azalma müşahidə edilsə də, yenə də gündə 180.000-dən çox yeni yoluxma halı qeydə alınır. Səhiyyə rəsmiləri tətil səfərləri və toplantıların yoluxma yoluxma hallarının sayının yenidən yüksəlməsinə yol aça biləcəyi barədə xəbərdarlıqlar edir.

Vəzifəsinin icrasına başlamasına bir aydan az qalmış Bayden çərşənbə axşamı ekspertlərlə keçirdiyi brifinqdən sonra Tramp administrasiyasının vaksinasiya səylərinin "çox geridə qaldığını" deyib.

Bayden prezidentliyinin ilk 100 günündə qarşısına 100 milyon peyvənd edilməsi kimi məqsəd qoyub.

Trump administrasiyasının peyvənd hazırlanma vaxtının sürətləndirilməsini hədəf alan Warp Drive əməliyyatının liderləri dekabrın sonuna qədər 20 milyon amerikalıya peyvənd ediləcəyini təxmin edir. ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzindən alınan son məlumatlara görə, iki dozadan ibarət peyvəndin birinci dozası təxminən 2,1 milyon insana vurulub.

"Təcili olaraq tətbiq edilməsi üçün təxminən 20 milyon ilk doza dərhal ştatlara çatdırılıb və bu proses sürətlə irəliləyir. Partiya təəsübkeşi olan tənqidçilər amerikalıları siyasi məqsədləri üçün qorxudan boş ritorikalarla məşğuldur, prezident Trampın işində nəticələr var" - deyə, Ağ Evin mətbuat katibi Kayli Makenany çərşənbə axşamı açıqladığı bəyanatda bildirib.

Bayden peyvəndin mövcudluğu ilə ölkənin normal vəziyyətə qayıda biləcəyinə inandığını, lakin bunun dərhal baş verməyəcəyini deyib.

"Qarşıdan gələn bir neçə həftə, bəlkə də bir neçə ay çox çətin, ölkəmiz üçün çox çətin bir dövr olacaq, bəlkə də bütün bu pandemiya dövründəndən ən çətini olacaq" - deyə, Bayden bildirib.

Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun direktoru doktor Entoni Fauçi CNN kanalına müsahibəsi zamanı ABŞ-da hər gün koronavirusa on minlərlə yeni yoluxma halının qeydə alındığını və xəstəliyin nəzarətdən çıxdığını deyib.

Fauçi milyonlarla amerikalının "Milad və Yeni İl tətillərində qohumlarını və dostlarını ziyarət etmək üçün səyahət etdiyinə görə böyük ehtimalla virusun yayıldığını, buna görə də yoluxma hallarının yanvarda dekabr ayından çox ola biləcəyini" bildirib.