ABŞ-la Çin arasında Pekinin Honq Konq üzərində nəzarəti gücləndirmək istəyi səbəbilə gərginlik artıb

Çinin Honq Konq üzərində nəzarəti gücləndirmək üçün yeni qanun layihəsi irəli sürmək qərarı amerikalı qanunvericilər və rəsmilərin qınaqlarına səbəb olub. Bu, iki iqtisadi superqüdrət arasında münasibətlərin pisləşdiyinə dair növbəti işarədir.

Dövlət katibi Mayk Pompeo cümə günü bəyanat yayaraq Çin parlamentinin ‘Pekinin Honq Konqa vəd etdiyi yüksək səviyyədə muxtariyyətə ölüm cəzası”na bəradər qanun layihəsi təqdim etməsini qınadığını bildirib.

O həmçinin deyib ki, “Honq Konqun muxtariyyəti və azadlıqlarına əngəl olacaq hər hansı qərar bizim Bir Ölkə, İki Sistem ideyası və ərazinin statusu ilə bağlı düşüncələrimizə təsir göstərəcək”.

Senatın çoxluq lideri Mitç Makkonnel də Pekinin addımlarını qınayıb və Çinin qlobal pandemiya böhranından avtoritarizmi gücləndirmək məqsədilə sui-istifadə etdiyini deyib.

“Pekin tərəfindən əlavə təqiblər Senatın ABŞ-Çin münasibətlərinə yenidən nəzər salmaq istəyini daha da gücləndirəcək,” Makkonnel bildirib.

Tramp administrasiyası Pekinin bu həftə Honq Konqla bağlı qərarı açıqlamasından öncə belə Çin siyasətini nəzərdən keçirib və Vaşinqtonun Çinə qarşı uzun-müddətli yanaşmasını dəyişmək məqsədi daşıyan strateji hesabatını açıqlayıb.

Hesabatda ABŞ hökümətinin prezident Riçard Niksonun hakimiyyətindən bəri qırx ildir Pekinlə münasibət qurmaq siyasəti Çin hökümətini beynəlxalq səhnədə məsul tərəfdaş etməkdə müvəffəq olmayıb.

Əgər ABŞ-ın son 40 ildə Çinə qarşı yürütdüyü siyasətə nəzər salsanız, Tramp administrasiyasının siyasətinin ondan 180 dərəcə fərqli olduğunu görərsiniz,” Dövlər Departamentinin sözçüsü Morqan Ortaqus cümə axşamı Amerikanın Səsinə bildirib.

Administrasiyanın hazırladığı hesabata əsasən, Tramp administrasiyası Pekinlə simvolizm naminə münasibət qurmaqda “məna görmür” və açıq şəkildə Kommunist rejimə qarşı təzyiqini artıracaq.

Bu həftə Tramp administrasiyasının yanaşmasını əks etdirəcək bəzi hadisələr baş verib. Belə ki, ABŞ rəsmiləri son günlərdə Tayvanın prezidentinə təriflər yağdırıb, Çinin texnologiya nəhəngi Huawei-in mühüm texnologiyalara çıxışını daha da məhdudlaşdıracaq yeni tədbirləri elan edib və Çin xalqına birbaşa mandarin dilində ABŞ-ın Çin hökümətinin siyasəti ilə bağlı tənqidlərini açıqlayıb.

Pekin də bu həftə ABŞ-ın tənqidləri ilə bağlı “şiddətli qəzəb duyduğunu” ifad’ edib. Belə ki, Çinin xarici işlər, müdafiə və Tayvanla əlaqələr nazirlikləri bəyanatlar yayaraq Vaşinqtonu Tək-Çin siyasətini pozmaqda və Çinin daxili məsələlərimə müdaxilə etməkdə ittiham edib.