ABŞ-la Taliban arasında danışıqlarda tərəqqi Əfqanıstanda sülhə dair ümidləri artırıb

ABŞ-la Taliban arasında Qətərdə keçirilən sülh danışıqlarında inkişafa dair işarələr Əfqanıstanda 17 il davam edən müharibəyə son qoyulması üçün siyasi həllin tapılması ilə bağlı ümidlərin artmasına səbəb olub.

Danışıqlar bu həftənin əvvəli Vaşinqtonun Əfqanıstanda xüsusi nümayəndəsi Zalmay Xəlilzadın başçılıq etdiyi ABŞ nümayəndə heyətinin iştirakı ilə başlayıb. Pakistanla Qətərin nümayəndələri də danışıqlarda iştirak edib.

Danışıqlar haqda məlumatı olan mənbələr Talibanın başlıca tələbi olan ABŞ və NATO qoşunlarının Əfqanıstandan çıxarılması isitqamətində irəliləyişin əldə edildiyi təqdirdə Talibanın müvəqqəti olaraq atəşkəs elan edəcəyinə inandıqlarını bildirib.

Diplomatik mənbələr hazırkı danışıqlar barədə Amerikanın Səsinə bildirib ki, ABŞ tərəfi artıq qoşunları Əfqanıstandan çıxarmağa razı olduğunu göstərdiyinə görə onlar inanır ki, Taliban da prosesin irəliləməsi üçün "hansısa güzəştlərə getməli olacaq".