ABŞ İraqı raket hücumundan sonra Bağdaddakı səfirliyi qorumağa çağırır

ABŞ-ın İraqdakı səfirliyi

ABŞ bazar günü Birləşmiş Ştatların Bağdaddakı səfirliyinin binası üç raketlə vurulduqdan sonra İraqı Amerikanın diplomatik obyektlərini qorumağa çağırıb.

"İraq hökumətini diplomatik obyektlərimizi qorumaq üçün öhdəliklərini yerinə yetirməyə çağırırıq" - deyə, Dövlət Departamentinin sözçüsü yaydığı bəyanatda bildirb.

Hücum son aylar Amerika səfirliyi və ABŞ-ın İraqdakı hərbi bazaları hədəf almış raket hücumları nəticəsində təhlükəli bir eskalasiyaya işarə edir.

Rəsmi Vaşinqton hücuma görə İranın dəstəklədiyi hərbi qruplaşmaları günahlandırsa da, hələ ki hücumla bağlı məsuliyyəti heç kim üzərinə götürməyib.

AFP xəbər agentliyi bildirib ki, bazar günü nahar vaxtı raketlərdən biri səfirliyin yeməkxanasına, digər ikisi isə yaxınlıqdakı əraziyə düşüb.

"Sentyabrdan bəri İran və İranın dəstəklədiyi hərbi qruplaşmalar tərəfindən ABŞ-ın İraqdakı personalına 14 dəfədən artıq hücum olunub" - deyə, ABŞ Dövlət Departamentinin sözçüsü bildirib.