ABŞ-da işsizlik təzminatına müraciətlər kəskin şəkildə azalıb

Əmək Nazirliyi cümə axşamı ABŞ-da işsizlik təzminatı ilə bağlı yeni müraciətlərin keçən həftə kəskin şəkildə düşərək, bir ildə ən aşağı səviyyəyə enidiyini və belə görünür dünyanın ən böyük iqtisadiyyatının koronavirus pandemiyasının vurduğu ziyanla mübarizə aparmağa hazır olduğunu bildirib.

Hökumətin bildirdiyinə görə, keçən həftə təzminat üçün 684,000 işçi müraciət edib ki, bu, əvvəlki həftənin göstəricisindən 97,000 az olub. Koronavirus ölkəyə bir il əvvəl yayıldığından bəri bu, ABŞ-da işsizlik təzminatı üçün ən az müraciət deməkdir.

Artıq bir ilə yaxın idi ki, işsizlik təzminatına müraciətlərin sayı həftədə 700,000-dən yuxarı olaraq qalırdı. 2021-ci ilin əvvəllərindəki bəzi həftələrdə isə bu rəqəm 800,000 və ya 900,000-dən yuxarı olub.

İş yerləri ilə bağlı vəziyyət yaxşılaşsa belə, pandemiyaya qədərki dövrlə müqayisədə pis olaraq qalır. 2019-cu ildə işsizlik təzminatı iddiaları həftədə orta hesabla 218,000 idi.

Bəzi ştat qubernatorlarının insanların üz maskası taxmalarına dair göstərişləri ləğv etmələrinə və müəssisələrin tam açılmasına qərar verməsinə baxmayaraq, bir çox ştatdakı müəssisələr hələ də işçilərin azaldılması ilə bağlı məhdudiyyətlərlə üzləşir.

Bütün bunlara baxmayaraq, Prezident Co Baydenin 1,9 trilyon dollarlıq koronavirus yardım paketindən gələn pullar ABŞ iqtisadiyyatına axmağa başladığı üçün ölkədə məşğulluq problemi nisbətən düzələ bilər. Yardım paketindən ayrılan pullar işə qəbul və istehlak xərclərini artırmağa kömək edə bilər.

ABŞ müəssisələri fevral ayında 379,000 əlavə iş yeri açdıqdan sonra işsizlik nisbəti 6.2% -ə qədər azalıb. Ölkənin mərkəzi bankı olan Federal Ehtiyar Bürosu bu ilin sonuna qədər işsizlik nisbətinin 4.5%-ə düşəcəyini proqnozlaşdırıb.