ABŞ humanitar minatəmizləmə əməliyyatlarına 500 min dollar yardım ayırıb

ABŞ Dövlət Departamenti

Amerika Birləşmiş Ştatları bölgədə sülhün və əməkdaşlığın inkişafı məqsədilə 2020-ci ilin payızında Cənub Qafqazda Ermənistan və Azərbaycan arasında yer alan intensiv atışma nəticəsində zərər cəkmiş ərazilərdə humanitar minətəmizləmə əməliyyatlarının həyata keçirilməsi üçün 500 min ABŞ dolları məbləğində yardım ayırıb.

Bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, münaqişə zonasında mövcud olan mina və partlamamış sursatlar mülki əhali arasında olüm və yaralanma hallarına səbəb olur, iqtisadi inkişafa və məcburi köçkünlərin qayıtmasına maneə törədir.

“ABŞ-ın maliyyə yardımı təhlükə mənbəyi olan mina və partlamamış sursatların zərərsizləşdirilməsi ilə məşğul olan təşkilatların texniki bacarıqlarının inkişafına təkan verəcək. Bu səylər insanların təhlükəsizliyinin təminatı və məcburi köçkünlərin öz torpaqlarına qayıdaraq yeni həyat başlamaları üçün vacib rol oynayır,” məlumatda qeyd edilir.

Birləşmiş Ştatlar dünyada adi silahların məhv edilməsi sahəsində ən çox maliyyə yardımı ayıran dövlətdir. ABŞ 1993-cü ildən bəri beynəlxalq sülhün və təhlükəsizliyin inkişafı üçün 100-dən çox dövlətə 4 milyard dollardan artıq vəsait ayırıb. Bu vəsait mina və partlamamış sursatların mülki əhaliyə yaratdıqları təhlükələrin aradan qaldırılmasına istifadə olunub.

Dovlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə bürosuna yeni təyin olunmuş Dövlət Katibinin Köməkçisinin müavini Erika Olson regional əməkdaşlığın inkişafı habelə ikitərəfli münasibətlərin irəliləməsi məsələlərinin müzakirəsi məqsədilə Ermənistan, Azərbaycan və Gürcüstanda səfərdədir.

Rəsmi məlumatlara görə, Ermənistan və Azərbaycan arasında 30 illik münaqişədə döyüş əməliyyatlarının dayandırılması ilə bağlı Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı 2020-ci il 10 noyabr tarixli bəyanatdan bu il avqustun 11-dək həmin ərazilərdə minaya düşmələri nəticəsində 23 mülki şəxs həlak olub, 36 mülki şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Rəsmi statistikaya görə, ümumilikdə 2020-ci il də daxil olmaqla, Azərbaycanda 2439 nəfər müharibənin təhlükəli partlayıcı qalıqlarından zərər çəkib, onlardan 383 nəfər ölüb və 2056 nəfər yaralanıb.

Azərbaycanın azad edilmiş ərazisində hazırda ermənilər yaşayan hissədə Rusiya Müdafiə Nazirliyi, azərbaycanıların yaşadığı hissədə isə Azərbaycan Minatəmizləmə Agentliyi, Azərbaycan, Rusiya və Türkiyə hərbi istehkamçıları minatəmizləmə işlərini həyata keçirir.

Ekspertlərin fikrincə, bu ərazilərdə yüz minlərlə mina var.