ABŞ ordu generalı, Birgə Baş Qərargahlar rəisi Mark Milli 18 ildir Əfqanıstanda olan Amerika hərbi qüvvələrinin ölkədə “daha bir neçə il” qalacağını bildirib.
ABC tele kanalına müsahibədə Miller deyib ki, 2001-ci il 11 sentyabr terror hücmlarından sonra ABŞ hərbi qüvvələrinin Əfqanıstana müdaxiləsinin əsl səbəbi ölkənin Birləşmiş Ştatlara hücum edə biləcək ekstremistlər üçün bir daha heç vaxt sığınacaq olmayacağına əmin olmaqdan ibarət idi.
“Bu missiya hələ başa çatmayıb. Bu missiyanın uğurlu olması üçün Əfqanıstan hökuməti, Əfqanıstanın təhlükəsizlik qüvvələri terrorçuların başqa ölkələr, xüsusilə də Birləşmiş Ştatlara hücum məqsədilə onların ərazisindən istifadə etməsinin qarşısını almaq üçün öz daxili təhlükəsizliyini təmin etmək qabiliyyətinə malik olmalıdır" -deyə general bildirib.
Birləşmiş Ştatların hazırda 14 min nəfərdən ibarət əsgəri qüvvəsi var. Bununla yanaşı, Avropa ölkələrinin hərbi qüvvələrinin əsgərləri NATO-nun Qətiyyətli Dəstək missiyasının tərkibində Əfqanıstanda xidmət edir.
ABŞ prezidenti Donald Tramp dəfələrlə bildirib ki, Birləşmiş Ştatların Suriya da daxil olmaqla, dünyadakı müxtəlif münaqişələrdən çəkilməsinin vaxtıdır.
Müller ABŞ hərbi qüvvələrinin Yaxın Şərqdə “əhəmiyyətli bir müddət” qalmaqda davam edəcəyini bildirib. “Çünki kömək etmək üçün orada olmağımız bizim maraqlarımıza uyğundur” – deyə, o bildirib.
General İŞİD ekstremist qrupunun döyüşçülərinə qarşı təzyiqin saxlanmasında təkid edərək, Amerika əsgərlərinin Suriyada sayının 500 səviyyəsində sabitləşəcəyini gözlədiyini deyib.
“Tam yəqindir ki, ABŞ əsgərlərinin sayı 1000-dən az olacaq. Güman ki, 500, ya da 600 nəfər olacaq” - deyə o bildirib.
ABŞ-ın hazırda Suriyada bir neçə yüz nəfərdən ibarət əsgəri qüvvəsi var.
Prezident Tramp bu yaxınlarda Amerika əsgərlərinin Suriyadan çıxarılacağını elan etdikdən sonra, Suriyanın şərqində neft yataqlarının təhlükəsizliyinin təmin edilməsi üçün hərbi missiyanın genişləndirilməsini təsdiq edib.