ABŞ-da ilk COVID-19 peyvəndi təsdiqlənmək üzrədir

Ümumilikdə 15,3 milyondan çox yoluxma halı fonunda ABŞ təhlükəsiz və təsirli COVID-19 peyvəndini əldə etmək ərəfəsindədir.

Ərzaq və Dərman Administrasiyasının xüsusi heyəti cümə axşamı səhər bir araya gələrək Birləşmiş Ştatlarda qərargalanan əczaçılıq nəhəngi “Pfizer” və Almaniyanın “BioNTech” şirkətinin hazırladığı yeni peyvəndin təcili istifadəsinə icazə verilməsini nəzərdən keçirəcək.

Peyvəndlər və Aidiyyatı Bioloji Məhsullar Məsləhət Komitəsi gözlənildiyi kimi təcili icazə verilməsini tövsiyə edərsə, Ərzaq və Dərman İdarəsi ehtimal ki, cümə və ya şənbə gününədək peyvəndin tətbiqinə yekun razılığını verəcək.

Federal hökumət dərhal 6,4 milyon doza peyvəndi ABŞ boyu vətəndaşlara çatdıracaq və ilk peyvəndlərdə prioritet səhiyyə işçilərinə veriləcək.

ABŞ ordusu da 44,000 dozadan az olacaq “Pfizer/BioNTech” peyvəndinin ilkin olaraq prioriteti öz səhiyyə işçilərinə verəcək. Pentaqonun sözçüsü çərşənbə günü jurnalistlərə verdiyi açıqlamada, Ərzaq və Dərman Administrasiyası təcili istifadə icazəsini təsdiqlədikdən sonra ordunun "bir-iki gün ərzində" peyvəndlənməyə başlayacağını bildirib.

Peyvəndlər əvvəlcə könüllü olacaq, ancaq peyvənd tam lisenziyalaşandan sonra icbari ola bilər.

Cümə axşamı toplantısı ABŞ-ın təxminən bir il davam edən pandemiyada ilk dəfə bir gündə 3000-dən çox COVID-19 ölüm halının qeydə alınmasından bir gün sonra keçirilir.

“Pfizer/BioNTech” peyvəndi COVID-19-a səbəb olan koronavirusa qarşı qlobal miqyasda peyvənd inkişaf etdirmək səylərinin son məhsuludur. Britaniya hökumətinin tibbi tənzimləmə agentliyi peyvəndi təsdiqlədikdən bir neçə gün sonra çərşənbə axşamı o, bunu kütləvi formada əhaliyə tətbiq etməyə başlayan ilk Qərb dövləti oldu.