ABŞ-ın səhiyyə rəsmiləri çərşənbə günü bildirir ki, Kaliforniya ştatında koronavirusun omikron variantına ilk yoluxma halı aşkarlanıb.
Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (CDC) həmin şəxsin noyabrın 22-də Cənubi Afrikadan ABŞ-a qayıdan bir səyahətçi olduğunu xəbər verib.
"Tam peyvənd edilmiş və sağalmağa davam edən, yüngül simptomları olan şəxs özünü karantinə alıb və o vaxtdan bəri testin nəticələri müsbət çıxır" deyə CDC bildirir.
Omrikona ilk yoluxma halı Bayden administrasiyasının variantın yayılmasının qarşısını almaq məqsədi ilə Birləşmiş Ştatlara daxil olan bütün beynəlxalq səyahətçilər üçün daha sərt tələblər qoymağa hazırlaşdığı bir vaxt ortaya çıxıb.
Xəbər agentlikləri bildirir ki, administrasiya həmçinin peyvənd statusundan asılı olmayaraq ABŞ-a daxil olan hər kəsdən 24 saat əvvəl götürülmüş COVID-19 testinin nəticələrini tələb edəcək.
Rəsmilər bütün səyahətçilərə ölkəyə girdikdən sonra yeddi gün ərzində özünü karantinə almaq tələbinin qoyulub - qoyulmayacağını müzakirə edir. Üstəlik yeni qaydalara əsasən, xarici səyahətdən qayıdan ABŞ vətəndaşları üçün 3-5 gün ərzində testdən keçmək tələbi də qoyula bilər.
Prezident Co Baydenin cümə axşamı edəcəyi çıxışda administrasiyanın yeni strategiyasını açıqlayacağı gözlənilir.
ABŞ keçən həftə Afrikanın cənubunda omikron variantının ilk aşkarlanmasından bəri xarici səyahətçilərə bəzi növ məhdudiyyətlər və ya açıq qadağalar tətbiq edən ölkələr siyahısına qoşulub.
Digər tərəfdən çərşənbə günü Yaponiya bildirib ki, omikron variantının yayılmasına cavab olaraq bütün beynəlxalq hava daşıyıcılarından ölkəyə ediləcək bütün uçuşlar üçün yeni rezervasiyaları dekabrın sonuna qədər dayandırmağı xahiş edəcək.
Yaponiya həmçinin cümə axşamından etibarən Cənubi Afrikadan və digər doqquz cənub Afrika ölkəsindən səyahət edən bütün əcnəbi vətəndaşların Yaponiyaya girişini qadağan edir.