ABŞ-da COVID-19 səbəbindən ölümlərin sayı 200000-i keçib

ABŞ-da koronavirusun yayılması nəticəsində ölənlərin sayı çərşənbə axşamı 200 min nəfəri keçdi. Bu xəsətlik başlayandan sonra dünya ölkələri arasında qeydə alınmış ən yüksək göstəricidir.

Reuters agentliyinin hesablamalarına görə, ABŞ-da həftəlik orta hesabla hər gün xəstəlik səbəbindən təxminən 800 insan həyatını itirir. Aprelin 15-də bir gün ərzində ölüm halları 2806 nəfər olaraq qeydə alınmışdı.

Pandemiyanın ilk aylarında bir çox insan tərəfindən 200 000 ölüm halının ola biləcəyi təxmin edilirdi.

ABŞ prezidenti Donald Tramp bazar ertəsi bildirib ki, o, pandemiya ilə mübarizədə fenomenal işlər görüb.

“Bu heç kimə təsir etmir. Bu heyrətamiz bir şeydir”, Tramp Ohayo ştatının Svanton şəhərində seçiciləri ilə görüşdə deyib. "Xəstəlik ürək problemləri və digər problemləri olan yaşlı insanları təsir edir", o əlavə edib.

Digər tərəfdən isə Tramp ölkədə təşvişə səbəb olmamaqdan ötrü pandemiyanın ilkin mərhələsində koronavirus təhlükəsinin əhəmiyyətini azaltdığını etiraf edib.

ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin direktoru Robert Redfild bu günlərdə Konqresdə üz maskalarının peyvənddən daha etibarlı qorunma üsulu olduğunu deyib. O, vaksinlərin geniş şəkildə "2021-ci ilin ikinci rübünün sonunda, üçüncü rübündə" hazır ola biləcəyini bildirib.

Vaşinqton Universitetinin Səhiyyə İnstitutu isə koronavirus səbəbi ilə ölüm hallarının 2020-ci ilin sonuna qədər 378000-nə çatacağını və gündəlik ölüm sayının dekabr ayında 3000-ə yüksələcəyini proqnozlaşdırır.

ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi bildirir ki, ölkədə virusa yoluxaraq həyatını itirənlərin 70 faizdən çoxu 65 yaşdan yuxarı şəxslər olub.

Son iki həftə ərzində Texas, Florida və Kaliforniyada yüksək ölüm halları qeydə alınıb. Bu üç ştat həmçinin hazırda yoluxma saylarına görə artıq Nyu Yorku geridə qoyub.

Reuters agentliyinin məlumatlarına görə, Amerika Birləşmiş Ştatlarında hər 10 000 sakindən altısı virusdan həyatını itirir. Bu, inkişaf etmiş ölkələr arasında ən yüksək göstəricidir.