Culian Assanj İngiltərədə həbs olunduqdan sonra ABŞ prezidenti Donald Tramp sayt barədə heç bir məlumata malik olmadığını söyləyib. 47 yaşlı Assanj 2012-ci ildən bəri Ekvadorun Londondakı səfirliyində yaşayırdı, lakin cümə axşamı o, səfirlikdən çıxarılaraq həbs olunub. Assanj uzun müddətdir ki, ABŞ-da gizli dövlət məlumatlarını yaydığına görə mühakimə olunacağını idda edir.
82 ay boyunca Ekvador səfriliyində qalandan sonra Culian Assanj cümə axşamı səhər saatlarında İngiltərə polisi tərəfindən səfirlikdən zorla çıxarılıb. Ekvador Assanjın digər ölkələrin işlərinə müdaxilə etməyə davam edərək sığınacaq razılığını pozduğunu söyləyib.
Müxbirlər cümə axşamı Trampa Assanjın həbsi ilə bağlı suallar ünvanlayıb.
"WikiLeaks haqda heç nə bilmirəm. Bu mənlik bir şey deyil. Culian Assanj ilə əlaqəsi olduğunu bilirəm və Assanjın başına gələnləri görürəm. Məncə bu məsələ ilə bağlı baş prokuror qərar verəcək. O, çox yaxşı iş görür. Qərarı da o verəcək", Donald Tramp deyib.
Tramp 2016-cı ildə prezident kampaniyası zamanı WikiLeaks Demokratik Milli Komitənin hək olunmuş email-lərini dərc etdikdən sonra dəfələrlə WikiLeaks-ə istinad edib. Pensilvaniyada keçirilən seçki kampaniyası zamanı o bir dəfə hətta, "WikiLeaks! Mən WikiLeaks-i sevirəm!" deyib.
WikiLeaks 2010-cu ildə 700 mindən çox sənəd, video, diplomatik teleqramlar və o zaman Bradli Mənninq olaraq tanınan keçmiş ABŞ əsgəri Çelsi Mənninq tərəfindən əldə edilən İraq və Əfqanıstanda aparılan döyüşlər barədə məlumatları dərc edib. Həmin məlumatlarda mülki əhali arasına tələfat halları və Kubada Quantanamo həbs düşərgəsindəki şübhəli terrorçular barədə detallar yer alıb.
Assanj İsveçdə təcavüz ittihamı ilə üzləşdikdən sonra Ekvador səfirliyində sığınacaq istəyib. O, sığınacaq istəyəndə Birləşmiş Ştatlara ekstradisiya ilə üzləşəcəyini təxmin edirdi.
“WikiLeaks təhlükə ilə üzləşdiyi bir vaxt ifadə azadlığı və bütün cəmiyyətlərin sağlamlığı da təhlükə altındadır," Culian Assanj deyib.
Amerika Birləşmiş Ştatları Assanjı Müdafiə Nazirliyinin kompüterlərindən məxfi məlumatlar əldə etmək üçün Mənninqlə əməkdaşlıq etməkdə günahlandırıb.
Mətbuat azadlığı ABŞ Konstitusiyasına birinci düzəliş atlında qorunur və bu səbəbdən də Assanja qarşı hansı ittihamların irəli sürüləcəyi həlledici rol oynayacaq.
"Məlumat toplayarkən qanunun pozulması söz azadlığı maddəsi tərəfindən qorunmur. Ancaq hər hansı məlumatı dərc etmək - bu, başqasının qanunsuz olaraq əldə etdiyi məlumat olsa belə - söz azadlığı maddəsi tərəfindən qorunur", Mayami Hüquq Universitetindən Karolin Mala Korbin deyir.
Assanjın tərəfdarları onun digər jurnalistlərin sahib olduqları hüquqlarla təmin olunmasını tələb edir.
"Bu ikili standartdır və WikiLeaks və Culian Assanjın əleyhinə intiqama bənzəyir," Hüquq müdafiəçisi Piter Tatçel deyir.
"Britaniyanın ədliyyə sisteminə inamım var və düşünürəm ki, o söz azadlığı hüququnun pozulduğunu iddia edəcək", Culian Assanjın sabiq vəkili Cefri Robertson deyir.
Assanj ilk növbədə Böyük Britaniya məhkəməsinə təslim olmaqdan imtina etdiyi üçün məhkəmə qarşısına çıxarılacaq.
Bununla yanaşı Assanja qarşı təcavüz iddiasını irəli sürən isveçli qadınlardan biri məhkəmə işinin yenidən açılmasını tələb edib. Bu isə, Assanjın vəziyyətini daha da çətinləşdirəcək.