Omikron hazırda ABŞ-da COVİD-ın dominant variantıdır

ABŞ-ın cənub-qərbindəki Texas ştatında ölən adam hazırda ABŞ-da koronavirusun dominant variantı Omikrondan ölən ilk şəxs ola bilər.

Harris qraflığı səhiyyə rəsmilərinin dediyinə görə, 50 yaşlarındakı kişi peyvənd olunmamışdı və onu COVID-19-un ağır fəsadlarına qarşı həssas edən sağlamlığında problemlər olub.

ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (CDC) bazar ertəsi sürətlə yayılan variantın keçən şənbə günü ölkədəki bütün yeni infeksiyaların 73%-ni təşkil etdiyini və əvvəlki həftədən təxminən 6% yüksək olduğunu bildirib.

CDC-nin bildirdiyinə görə, Nyu-York ştatı və ABŞ-ın cənub-şərq, orta-qərb və Sakit Okeanın şimal-qərb bölgələrində yeni infeksiyaların 90%-dən çoxunu Omikron təşkil edir.

Omikronun meşə yanğınlarına bənzər sürətlə yayılması ABŞ rəsmilərini ya əvvəlki koronavirus məhdudiyyətlərini bərpa etməyə, ya da yeni qaydalar tətbiq etməyə sövq edib.

Vaşinqton şəhərinin meri Muriel Bouser məcburi maska taxma qaydalarını bərpa edib. Boston şəhərinin meri Mişel Vu bazar ertəsi gələn aydan etibarən sakinlərin idman zalları, barlar, restoranlar və əyləncə kimi yerlərə girməzdən əvvəl peyvənd etdiklərini sübut edən sənəd göstərməli olacaqlarını bəyan edib.

Yenidən COVID-19 xəstələri ilə dolu olan ABŞ xəstəxanaları tibb bacıları və tibb işçilərinin kritik çatışmazlığı ilə üzləşib. Ölkənin şimal-şərqindəki Rod-Aylend ştatının Təcili Tibbi Yardım Kollecinin ştat bölməsinin prezidenti qubernatora və digər rəsmilərə ştatın səhiyyə sisteminin “hazırda dağıldığı” barədə xəbərdarlıq edib. Bir neçə ştatın qubernatoru səhiyyə işçiləri çatışmayan xəstəxanalara yardım üçün Milli Qvardiya bölmələrini səfərbər edib.

Keçən ay ilk dəfə bir neçə Cənubi Afrika ölkəsində aşkar edilən və hazırda 90-a yaxın ölkədə mövcud olan Omikronun sürətlə yayılması səbəbindən Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Ghebreyesus bazar ertəsi insanları Milad və Yeni il tətilləri zamanı səyahət planlarını ləğv etməyə çağırıb.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) dediyinə görə, COVID-19 pandemiyası zəngin və yoxsul ölkələr arasında həyatı xilas edən peyvəndlər bərabər şəkildə paylandıqdan sonra sona çatacaq.

Keçən ili qiymətləndirən ÜST rəhbəri Tedros Adhanom Qebreyesus dünyanın hələ də uzaqlaşmaq əlaməti olmayan bir pandemiyanın məngənəsində olduğunu deyib. O qeyd edib ki, 2021-ci ildə 3,3 milyondan çox insan COVID-19 səbəbi ilə həyatını itirib. O, bu virusdan ölənlərin sayının QİÇS, malyariya və vərəmdən ölənlərin sayından çox olduğunu deyib.

O, bundan tezliklə qurtarmağın mümkün olmayacağını, koronavirusun yeni Omikron variantının Delta variantından əhəmiyyətli dərəcədə sürətlə yayıldığına dair ardıcıl sübutlar olduğunu bildirib. Onun sözlərinə görə, çox güman ki, peyvənd olunmuş və ya COVID-19-dan sağalmış insanlar təkrar yoluxa bilər.

Statistikalar göstərir ki, dünya əhalisinin azı yarısına COVID-19 peyvəndi vurulub, digər yarısına isə vurulmayıb. Zəngin ölkələrin əhalisinə yoxsul ölkələrdəki insanlardan təxminən 50 dəfə çox peyvənd tətbiq edilib.

Məsələn, ÜST Şimali Amerikada 64%, Avropada 62%-lə müqayisədə Afrikada insanların 10%-dən bir qədər çoxuna COVID-19 peyvəndinin azı bir dozasının vurulduğunu bildirib.