ABŞ Azərbaycanda pandemiya ilə mübarizəyə 3.6 milyon dollar yardım edib

ABŞ-ın Azərbaycan yardımı-plakat

UNICEF-in Azərbaycandakı nümayəndəliyi, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası və Azərbaycan Qızıl Aypara Cəmiyyəti ABŞ hökumətinin Amerika Beynəlxalq İnkişaf Agentliyi (USAID) vasitəsilə Azərbaycanda COVID-19 ilə mübarizəyə ayırdığı əlavə 1.35 milyon ABŞ dolları həcmində vəsait əldə edəcək.

Bu barədə USAİD facebook səhifəsində məlumat yayıb.

Məlumatda deyilir ki, bu əlavə vəsaitlə ABŞ hökumətinin Azərbaycanda pandemiya ilə mübarizə aparan beynəlxalq təşkilatlara dəstəyi toplam 3.6 milyon ABŞ dolları təşkil edir.

“Bu yardım insanların özlərini və bir-birlərini necə qorumaqlarına dair risk kommunikasiya və icma işini davam etdirir, habelə ehtiyacı olanları lazımi vasitələrlə və psixososial dəstəklə təmin edir. Eyni zamanda bu yardım pandemiya dövründə əsas səhiyyə xidmətlərinə çıxışı güncləndirəcək,” USAID qeyd edir.