Növbəti bir il yarım ərzində ABŞ-ın Marşal İrsi İnstitutu Azərbaycan Minatəmizləmə Agentliyinə (ANAMA) minatəmizləmə işlərinə kömək etmək üçün əlavə olaraq 30 xilasedici mina axtaran it hədiyyə edəcək.
Bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyi məlumat yayıb.
Məlumatda deyilir ki, bu günə qədər ABŞ-ın Marşal İrsi İnstitutu Azərbaycana 40 xilasedici minaaxtaran it hədiyyə edib.
“İtlər mina və partlayıcı sursatların təmizlənməsi əməliyyatlarına və 30 milyon kvadratmetrdən çox ərazidə minaların təmizlənməsinə cəlb olunub,” ABŞ Səfirliyi bildirir.
Amerika Birləşmiş Ştatları bu il noyabrın əvvəllərində 2020-ci ilin payızında Cənub Qafqazda Ermənistan və Azərbaycan arasında yer alan intensiv atışma nəticəsində zərər cəkmiş ərazilərdə humanitar minətəmizləmə əməliyyatlarının həyata keçirilməsi üçün 500 min ABŞ dolları məbləğində yardım ayırdığını da elan edib.
Ümumilikdə Birləşmiş Ştatlar dünyada adi silahların məhvi sahəsində ən çox maliyyə yardımı ayıran dövlətdir. ABŞ 1993-cü ildən bəri beynəlxalq sülhün və təhlükəsizliyin inkişafı üçün 100-dən çox dövlətə 4 milyard dollardan artıq vəsait ayırıb. Bu vəsait mina və partlamamış sursatların mülki əhaliyə yaratdıqları təhlükələrin aradan qaldırılmasında istifadə olunub.
Rəsmi məlumatlara görə, Ermənistan və Azərbaycan arasında 30 illik münaqişədə döyüş əməliyyatlarının dayandırılması ilə bağlı Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı 2020-ci il 10 noyabr tarixli bəyanatdan sonra həmin ərazilərdə minaya düşmələri nəticəsində 25 mülki şəxs həlak olub, 36 mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Rəsmi statistikaya görə, ümumilikdə 2020-ci il də daxil olmaqla, Azərbaycanda 2439 nəfər müharibənin təhlükəli partlayıcı qalıqlarından zərər çəkib, onlardan 383 nəfər ölüb və 2056 nəfər yaralanıb.
Azərbaycanın azad edilmiş ərazisində hazırda ermənilər yaşayan hissədə Rusiya Müdafiə Nazirliyi, azərbaycanıların yaşadığı hissədə Azərbaycan Minatəmizləmə Agentliyi, Azərbaycan, Rusiya və Türkiyə hərbi istehkamçıları minatəmizləmə işlərini həyata keçirir.
Ekspertlərin fikrincə, bu ərazilərdə yüz minlərlə mina var.