Rəsmi Vaşinqton Azərbaycan və Ermənistan arasında mövcud sərhəd gərginliyi fonunda danışıqlara çağırışını bir daha təkrarlayıb.
Mayın 14-də Dövlət Departamentində keçirilən ənənəvi brifinqdə Dövlət Departamentinin Mətbuat Katibinin müavini Jalina Porter suallara cavabda bildirib ki, "ABŞ Ermənistanla Azərbaycan arasındakı sərhəddəki demarkasiya ilə bağlı vəziyyəti diqqətlə izləyir."
“Mübahisəli ərazilərdəki hərbi hərəkatlar məsuliyyətsizdir və lazımsız təxribatdır. Əlbəttə bir qədər geri çəkilmə barədə xəbərləri gördük və təsdiqlənərsə, bunu alqışlayırıq, amma Azərbaycanın bütün qüvvələri dərhal geri çəkəcəyini və yeni təxribatlardan çəkinəcəyini gözləyirik,” o qeyd edib.
"Hər iki tərəfi sərhəd məsələlərinə müzakirə və danışıqlar yolu ilə yanaşmağa çağırdıq," mətbuat katibinin müavini əlavə edib.
SEE ALSO: ABŞ Dövlət Katibinin köməkçisi və Azərbaycan xarici işlər naziri sərhəddəki gərginliyi müzakirə edibAzərbaycan Dövlət Sərhəd Xidməti (DSX) mayın 14-də bildirib ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa edildikdən sonra Ermənistanla dövlət sərhədində zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması davam etdirilir.
"Son günlər bu istiqamətdə baş verənlərlə bağlı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən rəsmi mövqe bildirilib. Hazırda Azərbaycan və Ermənistan sərhəd mühafizə orqanlarının nümayəndələrinin iştirakı ilə müzakirələr aparılır," Dövlət Sərhəd Xidməti bildirib
Ermənistan Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan isə mayın 14-də parlamentdə çıxışı zamanı deyib ki, Ermənistan tərəfi ilə Sev liç (Qara göl) yaxınlığında Azərbaycan tərəfi ilə başlanan danışıqlar şənbə günü, mayın 15-də davam etdiriləcək.
Onun sözlərinə görə, danışıqlarda Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının nümayəndəsi də xidməti xəritəsi ilə iştirak edir.
Nikol Paşinyan mayın 13-də hökumətin iclasında Azərbaycanın silahlı qüvvələrinin sərhədi keçərək, bir neçə kilometr məsafədə Ermənistan ərazisinə daxil olduğunu deyib.
Öz növbəsində, Azərbaycan Xarici İşlər Nazirliyi mayın 13-də Ermənistanla sərhəddə vəziyyətlə bağlı bəyanatla çıxış edib.
“10 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli bəyanata əsasən işğaldan azad edilmiş Laçın və Kəlbəcər rayonlarının Ermənistan ilə həmsərhəd bölgələrində çətin dağ relyefi quruluşuna və iqlim şəraitinə malik olan məntəqələrdə hava şəraitinin yaxşılaşması ilə Azərbaycan sərhəd qüvvələri ölkəmizə aid mövqelərdə yerləşdirilir. Bu proses adi rejimdə və sistematik qaydada icra edilir,” bəyanatda qeyd edilir.
Mayın 13-də ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Azərbaycan-Ermənistan sərhədindəki son duruma münasibət bildirib.
"Biz Ermənistan-Azərbaycan sərhədindəki demarkasiya xəttinin çəkilmədiyi hissəsində gərginliyin artdığına dair xəbərləri yaxından izləyirik. Biz başa düşürük ki, tərəflər arasında kommunikasiya davam edir və vəziyyətin sülh yolu ilə de-eskalasiaya edilməsi üçün təmkinə çağırırıq", o, Twitter səhifəsində bildirib.