“ABŞ Azərbaycan iqtisadiyyatına 13 milyard dollar investisiya qoyub”

Brayn Makfiters və Şahin Mustafayev

ABŞ Azərbaycan iqtisadiyyatına 13 milyard dollardan çox investisiya qoyub, bunun 1 milyard dollardan çoxu qeyri-neft sektoruna yönəldilib.

Bu barədə Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev ABŞ dövlət katibinin iqtisadiyyat və biznes məsələləri üzrə köməkçisinin birinci müavini Brayn Makfiterslə keçirdiyi görüşdə deyib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, görüşdə Azərbaycan-ABŞ iqtisadi əlaqələrinin mövcud vəziyyətinə, o cümlədən Birləşmiş Ştatlarla kiçik və orta sahibkarlıq sahəsində əməkdaşlıq, ABŞ şirkətlərinin sənaye parklarına investisiya qoyuluşu imkanları, iqtisadi sahədə əməkdaşlıq perspektivləri müzakirə edilib.

Şahin Mustafayev Azərbaycan və ABŞ arasında əlaqələrin uğurla inkişaf etdiyini, iqtisadi, enerji, nəqliyyat, təhsil, kənd təsərrüfatı, təhlükəsizlik, terrorizmlə mübarizə sahələrində uğurlu əməkdaşlığın həyata keçirildiyini vurğulayıb.

Hazırda Azərbaycanda sənaye, tikinti, rabitə, bank və sair sahələrdə 240 ABŞ şirkəti fəaliyyət göstərir. ABŞ Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır. Bu ilin yanvar-iyun aylarında ölkələrimiz arasında ticarət dövriyyəsi 476,1 milyon dollar təşkil edib.
Şahin Mustafayev

“Ölkələrimiz arasında əməkdaşlığın inkişafı üçün lazımi hüquqi baza mövcuddur. Hazırda Azərbaycanda sənaye, tikinti, rabitə, bank və sair sahələrdə 240 ABŞ şirkəti fəaliyyət göstərir. ABŞ Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır. Bu ilin yanvar-iyun aylarında ölkələrimiz arasında ticarət dövriyyəsi 476,1 milyon dollar təşkil edib. İndiyədək ABŞ tərəfindən Azərbaycan iqtisadiyyatına 13 milyard dollardan çox investisiya qoyulub ki, bunun da 1 milyard dollardan çoxu qeyri-neft sektoruna yönəldilib”, o qeyd edib.

ABŞ dövlət katibinin iqtisadiyyat və biznes məsələləri üzrə köməkçisinin birinci müavini Brayn Makfiters "Azərbaycan Rəqabətlilik Forumu 2018"-də iştirak etmək üçün ölkəyə səfər etdiyini deyib.

O bildirib ki, Azərbaycanda qeyri-neft sektorunun şaxələndirilməsi, sahibkarlığın inkişafı sahəsində görülən işlər ABŞ-da da müsbət qarşılanır.

Bir sıra ABŞ şirkətlərinin ölkədə uğurlu fəaliyyətini qeyd edən Brayn Makfiters vurğulayıb ki, Azərbaycanın regionda enerji sahəsində güclü mövqeyə malik olması, sabitliyini qoruyub saxlaması ABŞ iş adamlarının, eləcə də USAID-in və SEDA layihəsinin Azərbaycana marağını daha da artırır. ABŞ şirkətləri Azərbaycanda digər sahələrlə yanaşı, turizm, kənd təsərrüfatı, alternativ enerji və sair sahələrində də əməkdaşlığın genişləndirilməsində maraqlıdır.