Əbülfəz Elçibəyin 75 yaşı tamam olub (Video)

Your browser doesn’t support HTML5

Əbülfəz Elçibəyin 75 yaşı qeyd edilib

Milli–azadlıq hərəkatının liderin ad günü dövlət səviyyəsində qeyd edilməyib, Milli Şura və elçibəysevərlər liderin məzarını ziyarət edib
Iyunun 24-də milli-azadlıq hərəkatının lideri, Azərbaycanın eks-prezidenti (1992-1993-cü illər) Əbülfəz Elçibəyin 75 yaşı tamam olur. Elçibəy 2000-ci il avqustun 22-də vəfat edib.

Bu yubiley dövlət səviyyəsində qeyd olunmur, onun məzarını Milli Şuranın – müxalif siyasi koalisiyanın və Xalq Cəbhəsi Partiyasının nümayəndələri ziyarət ediblər.

Mərhumun qardaşı Almurad Əliyev Amerikanın Səsinə bildirib ki, hakimiyyəti günahlandırmır.

“Onlar təhsilli, böyük adamlardır, özləri bilər, amma müstəqilliyin əldə olunmasında keçmiş prezidentin xidmətləri göz önündədir”, - o vurğulayıb.

Qardaşının sözlərinə görə, Elçibəy uşaqlıqdan milli azadlıq ideyası ilə yaşayıb. Tələbəlik illərində və universitetdə dərs dediyi vaxtlarda rəsmi sovet təbliğatının qapadığı tarixi səhifələrdən danışıb. Belə dissidentlər az idi.

Əbülfəz Elçibəyin 75 yaşı

70-ci illərin ortalarında Elçibəy ilk dəfə həbs olunanda prokuror onun 12 il həbs cəzasına məhkum olunmasını istəyib, lakin hakim 3 il verib, Elçibəy isə həbsdə 1,5 il qalıb.

“Bu, yerli DTK əməkdaşları da daxil olmaqla, hüquq-mühafizə orqanlarının milli ideyanın daşıyıcılarına hörmətinin nəticəsi idi”, - o bildirib. Bu münasibət mənzildə axtarış zamanı da özünü göstərirdi.

1980-cı illərin sonlarında gənclər Elçibəyi evində Heydər Əliyevin portreti olduğuna görə qınayırdı. Elçibəy buna cavab olaraq demişdi ki, yanında da Mustafa Kamal Atatürkün portreti asılıb. Bu, millətin qarşısındakı xidmətlərə görə hörmət əlamətidir.

Elçibəyin idarəçiliyi dövründən danışan qardaşı onun hər zaman sadə insan olduğunu qeyd edib. O, yaxın adamlardan ibarət qrupun yaradılması ilə bağlı tövsiyələrdən birmənalı olaraq imtina etmişdi, həmçinin xüsusi dövlət təminatını və digər imtiyazları qəbul etməyərək bunu israfçılıq hesab edirdi.

Prezident postundan getdikdən sonra Ordubadın Kələki kəndində onu yalnız Xalq Cəbhəsinin ən sadiq üzvləri və Türkiyənin xüsusi xidməti mühafizə edirdi.

O, Türkiyədə vəfat edib. Belə ki, Bakıda əməliyyat olunmaqdan imtina etmişdi.

A.Əliyev Elçibəyin zəhərlənməsi ilə bağlı şayiələri uydurma hesab edir. Onun sözlərinə görə, Elçibəyin prostat vəzində şiş var idi. Əvvəlcə ABŞ-a, sonra isə 2000-ci ilin yayında Türkiyəyə gedərkən artıq gec idi, xəstəlik yayılmışdı.

İyunun 24-də Milli Şura və elçibəysevərlər milli-azadlıq hərəkatının liderinin məzarını ziyarət edib. Ziyarət zamanı Milli Şuraya daxil olan siyasi partiyaların liderləri İsa Qəmbər(Müsavat), Mirmahmud Mirəlioğlu (Klassik Xalq Cəbhəsi), Sülhəddin Əkbər (Açıq Cəmiyyət), Əli Kərimli (Xalq Cəbhəsi) çıxış edib.

Çıxışlarda müxalifət qüvvələrinin Milli Şurada birləşməsi xüsusi qeyd edilib. Liderlər Elçibəyin Azərbaycanın müstəqilliyi ilə bağlı ideyasının qalib gəldiyini və demokratiya, insan haqları ilə bağlı ideyalarının isə bu il reallaşacağını diqqətə çatdırıb. Bütün çıxışlarda bu il keçiriləcək prezident seçkilərində müxalifətin vahid qüvvəsi olan Milli Şuranın qalib gələcəyi qeyd edilib.


Ə.Elçibəyin ailəsi və ideya yolçuları iyunun 23-də onun ad gününü Rəşid Behbudov adına Mahnı Teatrında keçirib. İyunun 24-də isə Elçibəyin həyat və fəaliyyəti ilə bağlı Müsavat Partiyasının qərargahında elmi konfrans təşkil edilib.