ABŞ-ın 5 sabiq prezidenti yardım fondu yaradıb

Keçmiş ABŞ prezidentləri qasırğadan əziyyət çəkənlərə yardım məqsədi ilə pul toplamaq kampaniyasına qoşulub.

“One America Appeal” adlanan yardım kampaniyasında demokrat prezidentlərdən Cimmi Karter, Bill Klinton və Barak Obama, respublikaçı prezidentlərdən isə ata Corc Buş və oğul Corc Buş iştirak edib.

Onlar Harvi qasırğasının təsirinə məruz qalanlara pul yığmaq məqsədilə öz güclərini birləşdirmək qərarına gəlib. Keçən ay baş verən qasırğa Texas ştatının cənub-şərqində böyük dağıntılara səbəb olub.

İnsanların ianə edə bilməsi üçün ata Corc Buşun prezident kitabxanası fondu tərəfindən OneAmericaAppeal.org saytı yaradılıb.

Beş prezident İrma qasırğasının qurbanlarına da kömək etmək üçün müraciətlərini genişləndirməyə hazır olduqlarını bildiriblər.