ABŞ İlham Əliyevlə Serj Sarkisyanı sülh axtarışını davam etdirməyə çağırır

ABŞ konqresi

ABŞ Dövlət Departamenti Azərbaycan və Ermənistan prezidentlərinin Vyanada dünənki görüşünü alqışlayaraq tərəfləri “ərazi” münaqişəsinin tənzimlənməsi üçün dinc yolların axtarışının davam etdirilməsinə çağırıb.

“ABŞ Vyanada ATƏT-in Minsk Qrupunun həmsədrlərinin himayəsi ilə Ermənistan və Azərbaycan prezidentlərinin görüşünü alqışlayır”.

Bu barədə Dövlət Departamentinin rəsmi nümayəndəsi Cenifer Psakinin bəyanatında deyilir.

“Biz Ermənistan və Azərbaycan prezidentlərinin bu addımını dəstəkləyirik və yaxın aylarda qarşıdakı görüşü razılaşdırmağa çağırırıq. Onların son görüşü təxminən iki il əvvəl olub və bu görüş dialoqun bərpası yolunda mühüm addımdır, liderlərin Dağlıq Qarabağ münaqişəsinə son qoyulmasına sadiqliyini nümayiş etdirir.

ATƏT-in Minsk Qrupunun həmsədri kimi ABŞ Rusiya və Fransa ilə birlikdə hər iki prezidenti tərəflər üçün ağır itkilərə səbəb olmuş bu münaqişənin dinc yolla nizamlanmasına nail olmaq məqsədilə fəal çalışmağa çağırırıq”, - bəyanatda deyilir.