ABŞ: Ukraynaya hərbi yardımla bağlı hələ qərar verilməyib

Birləşmiş Ştatlar Ukraynaya Rusiya tərəfdarı separatçılarla mübarizədə hərbi yardımın verilib-verilməməsi ilə bağlı hələlik qərar verməyib. Departamentinin sözçüsü Cen Psaki bunu mətbuatda bu haqda məlumatın verilməsindən sonra bu gün deyib.

Cen Psaki Dövlət Departamentinin brifinqində jurnalistlərə bildirib ki, hələlik hansısa variantla bağlı qərar verilməyib və müzakirələr davam edir.

ABŞ-ın aparıcı qəzetlərindən biri olan New York Times qəzetinin bazar günü nömrəsində dərc olunmuş məqalədə prezident Barak Obamanın Ukrayna təhlükəsizlik qüvvələrini silahla təmin etmək haqda hələ qərar vermədiyi deyilsə də, onun administrasiyasının rəsmilərinin hərbi yardım məsələsini yenidən nəzərdən keçirdiyi bildirilmişdi.

Qəzet adının açıqlanmadığı rəsmiyə istinadən Dövlət katibi Con Kerri, Birgə Qərargahlar rəisi general Martin Dempsi və cənab Obamanın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Süzan Raysın Ukrayna hərbi qüvvələrinə hərbi yardımın verilməsi məsələsi ətrafında yeni müzakirələr aparmağa hazır olduğunu bildirib.

ABŞ Dövlət katibi Con Kerri bu həftənin ccümə axşamı günü prezident Petro Poroşenko və Ukraynanın digər yüksək səviyyəli rəsmiləri ilə görüşmək üçü Kieyvə səfər edəcək.

Ukraynada vəziyyət prezident Obamanın gələn həftə Ağ Evdə Almaniya kansleri Angela Merkellə görüş zamanı da müzakirələrin diqqət mərkəzində olacaq.