ABŞ Rusiyanı silahlara nəzarətə dair müqaviləni pozaraq raket yerləşdirməkdə ittiham edib

Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədr müavini general Pol Selva

Birləşmiş Ştatlar Rusiyanı ilk dəfə olaraq silahlara nəzarətə dair 30 ildir qüvvədə olan müqaviləni pozaraq raket yerləşdirməkdə ittiham edib.

Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədr müavini general Pol Selva yerüstü qanadlı raketlərin yerləşdirilməsini 1987-ci ildə imzalanmış silahlara nəzarətə dair müqavilənin “ruhu və məramı”nın pozulması adlandırıb.

General Selva Kapitolidə Nümayəndələr Palatasının Silahlı Qüvvələr komitəsi qarşısında açıqlamalar verib. Bu, ilk dəfədir ki ABŞ hərbi qüvvələri Rusiyanın keçən ay gizli olaraq raketlər yerləşdirilməsini ictimai şəkildə təsdiq edir.

General raketlərin ABŞ-ın Avropada obyektlərinin çoxu üçün risk təşkil etdiyini deyib. O bu addımın Rusiyanın Şimali Atlantik alyansı hədələmək cəhdi olduğunu əlavə edib.

ABŞ-ın keçmiş prezidenti Barak Obama administrasiyası 2014-cü ildə ABŞ və Rusiya arasında quruda orta mənzilli raketlərə qadağanın qoyulduğu müqavilənin pozularaq SSC-8 qanadlı raketinin sınaqdan keçirildiyini bildirmişdi.

Müqavilənin pozulması məsələsi ilk dəfə olaraq 2013-cü ildə Rusiya ilə rəsmiləri ilə NATO-nun baş katibinin müavini Rous Qottemoller tərəfindən qaldırılıb. Qottemoller Obama administrasiyası zamanı silahlara nəzarət məsələləri üzrə Dövlət Departamentinin ən yüksək səviyyəli rəsmisi idi.

Birləşmiş Ştatlar bir neçə il sürən narazılıqlardan sonra keçən il Cenevrədə silahlara nəzarətə əməl olunması məsələlərini nəzərdən keçirən xüsusi heyətin iclasını çağırıb. Bu, 13 ildə heyətin keçirdiyi ilk iclas idi. Heyətə Birləşmiş Ştatlar, Rusiya və keçmiş sovet respublikaları olan Belarus, Qazaxıstan və Ukrayna daxil idi.

Rusiya müqaviləni pozduğunu rədd edərək, əksinə Birləşmiş Ştatları onun pozulmasında günahlandırır.