ABŞ qanunvericiləri mühacirət siyasəti ilə bağlı ortaq zəmin əldə edə bilməyib

ABŞ qanunvericiləri 5 həftəlik tətillərdən əvvəl mühacirət siyasəti ilə bağlı ortaq zəmin əldə edə bilməyib.

Respublikaçıların nəzarət etdiyi Nümayəndələr Palatası və demokaratların üstünlük təşkil etdiyi Senat son aylar Mərkəzi Amerikadan ABŞ-a qeyri-qanuni şəkildə daxil olan 57 min sənədsiz mühacirlə bağlı bu gün səsvermə keçirib.

Lakin qanunvericilər dərin fikir ayrılıqlarının tətillərdən əvvəl aradan qaldırılmasının qeyri-mümkünlüyü ilə üzləşib.

ABŞ prezidenti Konqresdən sərhəd böhranının həlli üçün 3.7 milyard dollar vəsait ayrılmasını istəyib. Barak Obama əsasən Gvatemala, Honduras və Salvadordan gələn uşaqların müvəqqəti sığınacaqlarla və onların ölkədə qalıb-qalmayacaqlarına qərar verilməsi üçün əlavə hakimlərlə təmin edilməsinə çalışır.

Obamanın mühafizəkar respublikaçı tənqidçiləri vəsaiti 659 milyon dollara endirib. Onlar iki ölçünü səsə qoymalıdır-uşaqların tez bir zamanda ölkələrinə qaytarılması və Obamanın ABŞ-da illərlə qalan mühacirlərin deportasiyasına mane olmasına dair hüququ.

Demokratlar isə mühacirlərin məhkəməyə müracət etməsini nəzərdə tutan hazırkı qanunu dəstəkləyir.

2012-ci ildə ABŞ dövlət başçısı 2007-ci ildən əvvəl ölkəyə qanunsuz daxil olan, burada təhsil alıb, hərbi xidmətdə olanların ölkədə qala biləcəyini deyib.

BMT-nin insan haqları şöbəsinin rəhbəri Navi Pillay 57 min uşağın deportasiyası ilə bağlı narahatlığını bildirib. O deyib ki, yoxsulluq şəraitində və kriminal məhəllələrdə yaşayan uşaqların geri qaytarılması yalnız onların müdafiəsinin təminat altına alındığı təqdirdə mümkündür.