ABŞ məxfi izləmə proqramlarını açıqlayıb


ABŞ amerikalıların telefon danışıqları və internetdən istifadəsinin izlənilməsinə imkan verən əvvəllər məxfi olan qərarları açıqlayıb. ABŞ kəşfiyyatının keçmiş kontraktoru Edvard Snouden keçən ay ictimaiyyətə məhz bu proqramlar haqda məlumatları açıqlamışdı.

Hökumət izləmə haqda qərarları açıqlasa da, məlumatların alındığı telefon şirkətlərinin adlarını gixli saxlayıb. Sənədlərin açıqlanması prezident Barak Obama administrasiyasının bu məlumatların ölkənin yeni terror hücumlarından müdafiə üçün lazım olduğu haqda iddialarını əsaslandırmaq səyləri kimi qiymətləndirilir.

2011-ci ildə Konqres liderlərinə göndərilən sənədlərdən biri Milli Təhlükəsizlik Agentliyinin izləmə proqramını hökumət tərəfindən tətbiq edilən ən həssas xarici kəşfiyyat məlumatların toplanması proqramı kimi təsvir edib. Burada telefon nömrələri və elektron poçt ünvanları, habelə zənglər və mesajların göndərildiyi vaxt haqda məlumatın toplandığı, mesajların məzmunu haqda informasiyanın yığılmadığı qeyd edilib.

Hökumətin izləmə proqramının miqyası bir çox amerikalının təəccübünə səbəb olmuş və bunun məhdudlaşdırılmalı olub-olmaması haqda debatlara yol açmışdır.