ABŞ iqtisadiyyatında artım ilkin qiymətləndirilməni ötüb

ABŞ iqtisadiyyatının 2017-ci ilin son aylarında inkişaf sürəti ilkin qiymətləndirilmədən daha yüksək olub və illik artım 2.9 faiz təşkil edib.

Maliyyə nazirliyinin çərşənbə günü açıqladığı məlumata əsasən, ilin sonu göstəricilərində yüksəliş istehlakçı xərclərinin artması sayəsində baş verib. Göstəricilərdə düzəliş yeni məlumatların daxil olması ilə adi qaydada aparılan praktikaya əsasən edilir.

Keçən ilin son rübünə aid göstəricilər dünyanın iqtisadi cəhətdən ən inkişaf etmiş ölkəsi olan ABŞ-da durmadan stabil iqtisadi artımın olduğunu göstərir. 2017-ci ildə Amerika iqtisadiyyatında artım 2.3 faiz təşkil edib. Bu, əvvəlki ilə müqayisədə daha yüksək göstəricidir.

Bəzi iqtisadçılar genişmiqyaslı vergi ixtisarları və hökumət xərclərinin növbəti iki ildə artırılması planlarına görə 2018-ci il üçün iqtisadi artımla bağlı proqnozlarını yenidən nəzərdən keçirir.

Əmək bazarında yüksəliş fonunda vergilərin azaldılması və xərclərin artırılması sayəsində iqtisadi artımın stimullaşdırılması inflasiya ilə bağlı narahatlıqlar doğurur. Bunun isə öz nöbəsində, ABŞ-ın Mərkəzi Bankının faiz dərəcələrini yüksəltməsinə gətirib çıxara biləcəyi gözlənilir.