Böyük yeddiliyin altı üzvü Paris iqlim razılığı qarşısındakı ödhəliklərini bir daha təsdiq etməyə razılaşıblar və Tramp administrasiyasının da bununla bağlı qərarını gözləyirlər.
ABŞ rəsmiləri Trampın məsələ ilə bağlı qərarı sammitdən sonra verəcəyini bildirib. Ötən il seçki kampaniyası zamanı Tramp qlobal istiləşməni “uydurma” adlandırmışdı. Prezidentin baş iqtisadi müşaviri Qari Kohnun dediyinə görə, Tramp Vaşinqtonun istixana qazlarının azaldılmasına dair iki il əvvəl imzalanan Paris razılığına əməl edib-etməyəcəyinə dair qərarını vermək üçün cümə günü “dünya liderlərindən öyrəndiklərini” nəzərə alacaq.
Cümə günü Britaniya baş naziri Teresa Mey müxbirlərə deyib ki, dünya liderlərinin iqlim məsələləri ilə bağlı “yaxşı müzakirələri” olub və o əlavə edib ki, onlar arasında “məsələ ilə bağlı heç bir şübhə yaranmayıb”.
Sammitə miqrasiya məsələsini müzakirə etmək üçün Afrika liderləri də qoşulub
G-7 sammitinin ikinci və sonuncu günündə, sammitə ev sahibliyi edən İtaliya diqqəti miqrasiya böhranına və Avropada daha yaxşı həyat axtarışında Aralıq Dənizindən təhlükəli səfər edən on minlərlə qaçqına yönəltmək istəyib.
Şənbə günü keçirilən danışıqlarda Efiopiya, Keniya, Niger, Nigeriya və Tunis liderləri iştirak edib. Aralıq dənizi vasitəsilə Avropaya keçməyə çalışan miqrantların əksəriyyəti bu ölkələrdən gəlir.
Şimali Koreya problemi
Cümə günü sammit başlamadan bir qədər öncə Yaponiya baş naziri Şinzo Abenin yanında oturan Tramp Şimali Koreya probleminə xüsusi diqqət yönəldəcəyini deyib.
Cümə günü Ağ Evin açıqladığı bəyanatda bildirilib ki, iki lider “terror təhlükələrinin qarşısı almaq üçün mümkün dərəcədə əməkdaşlıq edəcəklərini” bir daha təsdiq edib və Şimali Koreyanın balistik raket və nüvə proqramlarının inkişaf etdirmək cəhdinin qarşısını almaq məqsədilə “Şimali Koreyaya qarşı sanksiyaları” artırmaq üzərində razılıq əldə edib.
Ticarət gündəmdədir
Trampın həmkarlarının diqqət mərkəzində olan bir digər məsələ isə ticarətdir.
Cümə günü 28 üzvlük Avropa Şurasına başçılıq edən Yunker “Trampın bundan bir gün öncə Brüsseldə bağlı qapılar arxasında Almaniyanın ticarət siyasətini “pis” adlandırdığına dair iddiaları təkzib edib.
“O, almanların pis davrandıqlarını deməyib”, deyə Yunker bildirib və Almaniya mətbuatında ABŞ prezidentinin Almaniyaya qarşı aqressiv olduğuna dair yer alan xəbərlərin həqiqəti əks etdirmədiyini əlavə edib.
Milli təhlükəsizlik müşaviri H.R. Makmasterlə birlikdə müxbirlər önündə çıxış edən Kohn daha öncə Moskvaya qarşı tətbiq olunan sanksiyaların yumşaldılacağına dair sözlərinə aydıqlıq gətirib.
“Biz Rusiyaya qarşı sanksiyaları azaltmırıq. Əksinə, biz hətta sanskiyaları artırmağı belə nəzərdən keçirə bilərik”, deyə milli iqtisadi şuranın direktoru Kohn bildirib.
Böyük Yeddiliyin üzvləri Birləşmiş Ştatlar, Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya və Britaniyanır. Bu ölkələrlə yanaşı Avropa İttifaqı da təmsil olunur.
1994-lə 2014-ci il arasında dünyanın ən böyük iqtiadiyyatlarına sahib ölkələr arasında Rusiya da təmsil olunurdu və qrup G-8 adlanırdı. Lakin Moskvanın Krımı ilhaq etməsindən sonra, Rusiya kənarlaşdırıldı.
Rusiyanın qrupa geri dönməsi üçün, “Moskva Minsk razılıqlarına əməl etməli və Ukrayna suverenliyini bərpa etməlidir”, deyə çərşənbə günü ABŞ dövlət katibi Reks Tillerson bildirib.