ABŞ-da etiraz aksiyaları davam edir

Nümayişlər ABŞ-ın bir sıra şəhərində keçirilir

ABŞ-da silahsız qaradərili gənci öldürən ağ polis zabiti barəsində Münsiflər Məhkəməsinin heç bir ittiham irəli sürməməsinə etiraz əlaməti olaraq nümayişlər davam edir.

Yüzlərlə nümayişçi Çikaqo kilsələrindən küçələrə axışıb. Onlar ağdərili polis zabitlərinin qaradərili insanlara qarşı pis, bəzən hətta ölümlə nəticələnən rəftarına etiraz edirlər.

Mayamidəki etirazçılar isə avtomagistralın bir hissəsində yolu kəsərək Mayami Çimərliyində keçirilən beynəlxalq incəsənt şousuna gedən nəqliyyətın hərəkətini ləngidib.

Etirazlar Nyu-York, Filadelfiya və Sietl şəhərlərində də davam edib.

Şənbə günü Kaliforniya ştatının Berkli şəhərində nümayişlər zorakı xarakter alıb. Polislə qarşıdurma yaradan maskalı etirazçılar bəzi mağazaların şüşələrini sındırıblar. İnsident zamanı iki tranzit dayanacaq da fəaliyyətini dayandırıb.

Prezident Barak Obama söz verib ki, polislə azlıqlar arasındalı qarşılıqlı inamsızlığı aradan qaldıracaq.

Nyu-Yorkda da polis işçilərinin azlıqlara qarşı zorakılığına etiraz olaraq keçirilən nümayişlər beşinci gündür davam edir.

Dünən polis zabiti tərəfindən keçən ay qətlə yetirilmiş qara dərili şəhər sakininin dəfn mərasimi olub. Noyabrın 20-də polis zabiti üzərində silah olmayan 28 yaşlı Akay Qurleyi güllə ilə vurub öldürüb. Bruklin dairəsinin vəkili Münsiflər Məhkəməsinin Piter Lianqa qarşı ittiham irəli sürülməsini nəzərdən keçirir.