ABŞ və Çin rəsmiləri ikitərəfli münasibətlərdə həssas məsələ olan ölkədə insan hüquqlarının durumuna dair danışıqlara başlayıb. Müzakirələr ölkənin Yunnan vilayətinin paytaxtı Kunmuqda keçirilir.
Vaşinqton və Pekin İnsan Hüquqlarına dair iki gün sürəcək ABŞ-Çin dialoqunun keçirilməsi haqda bu ay razılığa gəlib. ABŞ Dövlət Departamentinin bildirdiyinə görə, Birləşmiş Ştatlar müzakirələr zamanı qanunun aliliyi, din və ifadə azadlığı, əmək hüquqları və Çində etnik azlıqların hüquqları məsələlərini qaldıracaq.
Çinin xarici işlər nazirliyi danışıqları “hər iki ölkədə insan hüquqları sahəsində inkişafa nail olmaq məqsədilə bərabərlik və qarşılıqlı hörmət əsasında səmimi və dərin fikir mübadiləsi” kimi xarakterizə edib.
ABŞ və Çin arasında insan hüquqlarının durumuna dair dialoq 1990-cı illərdən başlayaraq keçirilirdi. Çin danışıqları 2002-ci və 2008-ci ildə ABŞ-ın Çində insan hüquqlarının durumunu BMT-də tənqid etməsinə etiraz olaraq təxirə salmışdı.